Bu günlərdə Azərbaycan-Almaniya ticarət ve investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupun 9-cu iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi, həmçinin digər nazirlik və qurumların, o cümlədən “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin nümayəndələri də iştirak etmişdir.
Almaniya tərəfindən isə bu ölkənin Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin rəhbər heyəti, Almaniya İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru, Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru və digər səlahiyyətli nümayəndələri təmsil olunmuşdur. Görüşdə iki dövlət arasında əməkdaşlıq perspektivləri, birgə həyata keçiriləcək gələcək layihələr, yeni imkanlar barədə müzakirələr aparılmış, təqdimatlar keçirilmişdir. İclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC və Almaniyanın “Achenbach” şirkəti tərəfindən alüminium məhsulları üzrə birgə qurulacaq yeni müəssisənin iki ölkə arasında əlaqələrin daha da güclənməsi, inkişafı baxımından əhəmiyyəti də vurğulanmışdır.
Qeyd olunmalıdır ki, hüquqi baxımdan birgə müəssisə artıq yaradılmışdır. Hal-hazırda zavodun layihə sənədlərinin hazırlanması istiqamətində işlər aparılır. İclasın sonunda bu əlaqələrin daha da inkişaf etdirilməsi və digər sahələrdə perspektivlərin dəyərləndirilməsi işlərinin davam etdirilməsi bildirilmişdir.