Ölkəmizin cari ilin noyabr ayında ev sahibliyi edəcəyi 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “29 İqlim Söhbəti: COP29-a aparan yol” təşəbbüsü çərçivəsində “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları” adlı sammit keçirilib. Sammitin məqsədi qlobal iqlim problemlərini həll etmək üçün ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin inteqrasiyasının təşviqi, dövlət və özəl qurumlar arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir. Tədbirdə ESG uyğunsuzluğuna təsir edən tənzimləyici landşaft və beynəlxalq standartlar araşdırılıb, davamlı inkişafa əhəmiyyətli dərəcədə töhfə verən uğurlu dövlət-özəl tərəfdaşlıq modelləri nümayiş etdirilib. Bundan əlavə tədbirdə bu tərəfdaşlıqların qurulmasında yaranan çətinliklər müzakirə edilib və onları aradan qaldırmaq üçün yeni həll yolları axtarılıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı sözügedən tədbirə qatılaraq, ESG tətbiqi mövzusunda müzakirələrdə iştirak edib.