16 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə (“ASK” ASC) Asiya İnkişaf Bankının nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə “ASK” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla mərkəzi aparat və törəmə müəssisələrin rəhbər heyəti, Asiya İnkişaf Bankının Orta və Qərbi Asiya üzrə regional direktoru Eniriko Pinali və bankın digər nümayəndələri iştirak edib.
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan AİB nümayəndələri Azərbaycanın bu tədbirə ev sahibliyi etməsindən məmnun olduqlarını bildirərək, sessiyanın qlobal əhəmiyyətini vurğulayıblar.
Görüşdə “ASK” ASC-nin törəmə müəssisələri olan “Azəralüminium” MMC və “Azərpambıq ASK” MMC-nin dekarbonizasiya planları, ümumi investisiya layihələri və karbon qazının emissiyasının azaldılmasını nəzərdə tutan xüsusi layihələrinin təqdimatı keçirilib. Bu layihələrin maliyyələşdirilməsində Asiya İnkişaf Bankının iştirakı müzakirə edilib. AİB nümayəndələri isə öz növbəsində bankın qeyd olunan sektorlar üzrə layihələrin həyata keçirilməsində malik olduğu təcrübəsi barədə məlumat veriblər.
Görüş tərəflər arasında qarşılıqlı əməkdaşlıqların, iqtisadi əlaqələrin inkişafı, strateji layihələrin birgə icrası və bu yöndə əməkdaşlığın qurulması perspektivlərinə dair müzakirələr ilə davam edib.