22 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla mərkəzi aparat və “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti ilə Çin Xalq Respublikasından olan istehsalçı şirkətin nümayəndələri arasında görüş keçirilib.
Görüşün əsas mövzusunu “Azərpambıq ASK” MMC-yə məxsus Şirvan Yağ Emalı Zavodunun avadanlıqlarının yenilənməsi ilə bağlı müzakirələr təşkil edib. Qeyd olunmalıdır ki, sözügedən şirkət tərəfindən zavoda texniki baxış keçirilib və modernizasiya işləri, tətbiq olunacaq yeni texnologiyalar barədə texniki təklif hazırlanaraq, Korporasiyanın rəhbərliyinə təqdim edilib.
Görüş zamanı bildirilib ki, şirkət tərəfindən istehsal olunan avadanlıqlar ən müasir texnologiyaları özündə birləşdirir. Korporasiya nümayəndələri isə öz növbəsində bəhsikeçən yağ emalı zavodunun modernizasiyası ilə bağlı qoyulan texniki tələblər, istehsal olunacaq məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatları qarşı tərəfin diqqətinə çatdıraraq, bu sahədə ən son həllərin zəruriliyini qeyd ediblər.
Sonda birgə müzakirələrin davam etdirilməsi və gələcək perspektivlərin inkişafı ilə bağlı razılıq əldə olunub.