29 oktyabr 2024-cü il tarixində ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: Təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib. Konfrans “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azərbaycan Sənaye Korporasiyası” ASC, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasinın dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində təşkil olunub.
Layihənin məqsədi məktəbliləri dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka, eləcə də sağlam gələcək naminə innovativ ideyalar, həllər irəli sürməyə təşviq etməkdir.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, sözügedən departamentin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Eldarov və İnvestisiya, layihələrin idarə olunması və innovasiyalar şöbəsinin aparıcı mütəxəssisi Ayaz Abasov konfransda iştirak ediblər.
“Karbon və İstixana Qazlarının Emissiyasının Azaldılmasında Yaşıl Texnologiyaların Tətbiqi” mövzusunda çıxış edən Rüstəm Əkbərli “ASK” ASC tərəfindən enerjiyə qənaət olunması, tullantıların azaldılması məqsədilə aparılan modernizasiya ilə bağlı icra olunmuş işlər və ekoloji cəhətdən daha təmiz, dayanıqlı istehsal prosesləri yaratmaq istiqamətində görüləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Korporasiya tərkibinə daxil olan törəmə müəssisələrin gələcək strateji inkişaf planları çərçivəsində iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışları diqqətə alaraq ən müasir texnologiyalar tətbiq etməklə ətraf mühitə müsbət təsir edəcək layihələrin icrasını planlaşdırır.
Konfransda qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri mövzusunda məktəblilər arasında keçirilmiş ümumrespublika müsabiqəsinin qalib komandaları mükafatlandırılıb. Müsabiqəyə təqdim edilmiş 53 layihə arasından Təşkilat Komitəsi tərəfindən seçilmiş, problemin həllində daha yaradıcı və innovativ yanaşmalara üstünlük verən ən uğurlu 5 layihə mükafatlandırılıb.