“Azərbaycan Sənaye Korporasiyası” ASC fəaliyyətinin 7-ci ildönümünü qeyd edir

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli, 1665 nömrəli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) fəaliyyətinin 7-ci ilini qeyd edir.

     Bu münasibətlə  “ASK” ASC-nin mərkəzi aparatının rəhbər heyəti və kollektivinin iştirakı ilə iclas keçirirlib.  

     Tədbiri giriş sözü ilə açan “ASK” ASC-nin Baş direktoru Kamran Nəbizadə qurumun kollektivini təbrik edib, uğurlar arzulayıb, həmçinin qeyd edib ki, “ASK” ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. 

      Korporasiyanın fəaliyyət göstərdiyi illər ərzində həllini tapmış məsələlərdən danışan  Baş direktor korporativ idarəetmədə həyata keçirilən tədbirlər istiqamətində biznes proseslərin tənzimlənməsi üçün prosedur və təlimatların hazırlanması, onların avtomatlaşdırılması üzrə informasiya texnologiyaları sahəsində icra edilən layihələri vurğulayıb.  Qeyd  olunub ki, törəmə cəmiyyətlərinin işçilərinin əmək haqlarının və vəzifə (peşə) adlarının faktiki gördükləri işin xüsusiyyətinə uyğun olaraq aparılması üçün cəmiyyətlərin yeni strukturları hazırlanmış və tətbiq edilmiş, habelə işçilərə  müvafiq həvəsləndirici tədbirlər görülmüşdür. “ASK” ASC-nin iki böyük törəmə cəmiyyətləri olan “Azərpambıq Aqrar Sənaye Kompleksi” və “Azəralüminium” məhdud məsuliyyətli cəmiyyətlərində Müşahidə Şuraları yaradılmış və korporativ idarəetmə prinsiplərinə riayət olunmasının təşkil edilməsi üçün strukturlarında korporativ katib vəzifəsi təsis edilmişdir.

       İclasda çıxış edən Kamran Nəbizadə bildirib ki, Korporasiya fəaliyyətə başladığı gündən qanunvericiliyə, həmçinin beynəlxalq standartlara uyğun olaraq şəffaf uçotun və hesabatlılığın qurulması istiqamətində tədbirlər həyata keçirmişdir. Bu tədbirlərə 1C ERP və Logo Tiger uçot sistemlərinin tətbiqi, maliyyə-uçot siyasəti, büdcə prosesi, proqnozlaşdırma, maliyyə təhlili təlimatlarının və metodiki qaydaların, həmçinin daxili nəzarət prosedurlarının qəbul edilməsi daxildir. “ASK” ASC və onun törəmə müəssisələrinin maliyyə nəticələri və əsas fəaliyyət göstəriciləri fərdi və konsolidə olunmuş qaydada aylıq, rüblük və illik olmaqla vahid informasiya portalında əks etdirilir. “Həmçinin, “ASK” ASC və onun törəmə müəssisələrinin illik maliyyə hesabatları beynəlxalq standartlara (İFRS) uyğun olaraq hər il beynəlxalq nüfuzlu audit firmaları tərəfindən rəy verildikdən sonra fərdi və konsolidə olunmuş qaydada dərc edilir”. – deyə Korporasiyanın rəhbəri qeyd edib.

      “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən qanunvericilik və beynəlxalq standartlar nəzərə alınmaqla daxili satınalma qaydaları hazırlanması haqqında məlumat verən Kamran Nəbizadə bildirib ki, hazırlanmış satınalma qaydalarında  maliyyə vəsaitlərindən səmərəli, qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik və rəqabətlilik əsasında həyata keçirilməsi, proseslərin dəqiq, çevik, keyfiyyətli şəkildə icra olunması nəzərdə tutulmuşdur. Qeyd olunub ki, satınalmalara dair mövcud olan bu yanaşmanın davamı kimi, satınalma prosedurlarının ənənəvi qaydada kağız daşıyıcılarda keçirmək əvəzinə prosedurların innovativ həllərə əsaslanaraq elektron formada həyata keçirilməsini təmin etmək məqsədilə Cəmiyyət tərəfindən Vahid Elektron Satınalma Portalı yaradılmışdır. Portal bu sahədə mövcud olan beynəlxalq təcrübəyə, qanunvericiliyə eləcə də cəmiyyətin satınalma qaydalarına əsaslanaraq təsis edilmişdir. “Portal vasitəsilə təchizatçılar “ASK” ASC-nin və onun törəmə müəssisələrin keçirdiyi satınalmala prosedurlarına asanlıqla qoşulmaq imkanı əldə edir. Eyni zamanda, portal yerli təchizatçılarla yanaşı, xarici təchizatçıların da keçirilən satınalma prosedurlarına asanlıqla qoşula bilmə imkanını yaradır. Portal üzərindən təchizatçılar satınalma prosesinin bütün mərhələlərində elektron formada məlumat əldə edə, ötürə və emal edə bilir.” - deyə Baş direktor çıxışında bildirib.  

      “ASK” ASC-nin strateji layihələri və gələcək hədəfləri barədə danışan qurumun rəhbəri  Korporasiya tərəfindən  fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni investisiya imkanlarının araşdırılması, innovativ həllərin istifadə olunduğu sahələrin öyrənilməsi və tətbiqi istiqamətində görülən işləri də vurğulayıb.   

       Qeyd olunub ki, alüminium sənayesinin ölkəmizdə inkişafı məqsədi ilə beş istiqamətdə layihələr və müvafiq maliyyə modelləri hazırlanaraq təqdim edilmişdir.  “ASK” ASC, “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha” şirkəti arasında ölkəmizdə yeni texnologiyaların tətbiqi ilə alüminium istehsalının daha da genişlənməsi məqsədi ilə müqavilə imzalanmış və bunun əsasında “Interal” MMC yaradılmışdır. Layihənin icra istiqamətində artıq işlərə başlanılmışdır, növbəti ildə isə tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

       Bununla yanaşı “Micon İnternational Co Limited” şirkəti tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “Zəylik Alunit Mədəni” layihəsinin 1-ci fazası üzrə alunit resurslarının həcmi barədə məlumatlar təsdiqlənmiş, ərazi üzrə alunitin paylanması müəyyənləşdirilmişdir. Növbəti mərhələdə zənginləşdirmə və emal metodlarının tapılması, yarımsənaye və sənaye sınaqlarının aparılması və həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün  tender keçirilmişdir. Tenderin qalibi olan “Vorley Europe Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işlərə başlanılmışdır və 2025-ci ildə işlərin yekunlaşması planlaşdırılır.

       Kamran Nəbizadə çıxışında həmçinin “ASK” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan pambıqçılıq sahəsində də mühüm tədbirlər həyata keçirilməsini qeyd edib. Bildirilib  iki, müəssisənin daxili vəsaiti hesabına Ağcabədi və Saatlı pambıq emalı zavodlarında  yenidən qurma işləri aparılmış və Türkiyə istehsalı, müasir standartlara cavab verən emal avadanlıqları quraşdırılmışdır. Növbəti ildə isə Şirvan çiyid emalı sexinin modernizasiya olunması ilə yanaşı istehsal həcminin artırılması da nəzərdə tutulur. Layihənin investisiya səmərəliyinin qiymətləndirilməsi məqsədi ilə maliyyə modeli hazırlanmış və hal-hazırda yekun dəqiqləşdirilmələr aparılmaqdadır.

       Eyni zamanda, dəyər zəncirinin inkişafı baxımından Pambıq iplik və parça istehsalı fabrikinin qurulması nəzərdə tulmuşdur. Bu istiqamətdə “Ernst & Yanq Holdings (SİAYES) Bi.Vi.” şirkəti tərəfindən bazar araşdırması aparılmış və istehsal olunacaq məhsullar üzrə potensial bazarlar,satış imkanlarının mövcudluğu, dünya üzrə iplik sənayesinin inkişaf perspektivləri müəyyən olunmuşdur.

       Çıxışın sonunda Baş direktor  “ASK” ASC-nin  ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək və göstərilən etimadı daim doğrultmaq üçün bütün səyləri bundan sonra da göstərməyə davam edəcəyini vurğulayıb.

Fotolent

Yeni xəbərlər