Bu Daxili Prosedurlar “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2018-ci il tarixli 111 nömrəli Fərmanına əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “ASK” ASC) və onun törəmə müəssisələri tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının daxili prosedurlarını müəyyən edir.
Daxili Prosedurların məqsədi “ASK” ASC-də və onun törəmə müəssisələrində satınalmaların təşkili, keçirilməsi və idarə olunmasında ədalətli rəqabəti, şəffaflığı və aşkarlığı təmin etməkdən, satınalma iştirakçılarına eyni münasibət göstərərək podratçıları (malgöndərənləri) cəlb etməklə ayrılmış vəsaitləri səmərəli və qənaətlə istifadə etməkdən və satınalınan malların (işlərin, xidmətlərin) keyfiyyətini artırmaqdan ibarətdir.
“ASK” ASC və onun törəmə müəssisələri tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq, bu Daxili Prosedurlara uyğun olaraq həyata keçirilir.
“ASK” ASC və onun törəmə müəssisələri tərəfindən satınalmaların qanunvericiliyə uyğun yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və müvafiq qərarlar qəbul etmək məqsədilə “ASK” ASC-nin Baş direktorunun əmri ilə kollegial orqan olan “ASK” ASC-nin Satınalmalar Komitəsi (bundan sonra - Satınalmalar Komitəsi) yaradılır.
Satınalmalar Komitəsi fəaliyyətini “ASK” ASC-nin Baş direktoru tərəfindən təsdiq edilən Əsasnaməsinə uyğun olaraq təşkil edir.
“ASK” ASC-də və onun törəmə müəssisələrində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalma prosedurlarını həyata keçirən tender komissiyaları yaradılır.
Satınalma keçirmək, habelə satınalmanın ehtimal olunan qiyməti 50 min manatdan yuxarı olan malların (işlərin və xidmətlərin) açıq tender istisna olmaqla digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi üçün “ASK” ASC-nin və ya onun törəmə müəssisəsinin tender komissiyası Satınalmalar Komitəsinə rəsmi qaydada müraciət edir. Satınalmalar Komitəsi müraciətə 3 (üç) iş günü müddətində baxır, satınalmanın keçirilməsinə razılıq verilməsi və ya satınalmanın keçirilməsinin məqsədəmüvafiq olmaması, habelə satınalmanın ehtimal olunan qiyməti 50 min manatdan yuxarı olan malların (işlərin və xidmətlərin) açıq tender istisna olmaqla digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsi və ya bunun məqsədəmüvafiq olmaması barədə qərar qəbul edir. Qərar müraciət edənə kağız daşıyıcı üzərində və elektron qaydada göndərilir.
Satınalmanın keçirilməsinə, habelə satınalmanın ehtimal olunan qiyməti 50 min manatdan yuxarı olan malların (işlərin və xidmətlərin) açıq tender istisna olmaqla digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsinə razılıq verildikdən sonra “ASK” ASC və ya onun törəmə müəssisəsi tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalma keçirilir.
Satınalma keçirildikdən sonra satınalmanın nəticələri haqqında yekun protokolunun surəti imzalandığı tarixdən sonrakı 3 (üç) iş günü ərzində “ASK” ASC-nin və ya onun törəmə müəssisəsinin tender komissiyası tərəfindən Satınalmalar Komitəsinə təqdim edilir.
Satınalmalar Komitəsi satınalmanın nəticələri haqqında yekun protokolun surətinə 3 (üç) iş günü müddətində baxır və öz rəyini verir. Rəy “ASK” ASC-nin və ya onun törəmə müəssisəsinin tender komissiyasına kağız daşıyıcı üzərində və elektron qaydada göndərilir.
Rəy müsbət olduqda, “ASK” ASC və ya onun törəmə müəssisəsi qalib gəlmiş iddiaçı ilə satınalma müqaviləsi bağlayır. Rəy mənfi olduqda, keçirilmiş satınalma “ASK” ASC və ya onun törəmə müəssisəsi tərəfindən ləğv olunur.