2024-cü il 18-20 sentyabr tarixlərində Bakıda APFM və SOCAR Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilmişdir. Avropanın və Asiyanın nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən forum “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuşdur. Tədbirə Avropa və Asiya ölkələrinin peşəkar qurumlarının rəhbərləri və onları müşayiət edən 50-yaxın xarici peşəkar mütəxəssislər, eləcə də Azərbaycan Respublikasının nazirlikləri, dövlət və kommersiya təşkilatları, ictimai əhəmiyyətli qurumlarının nümayəndələri, həmçinin ölkənin maliyyə, mühasibat uçotu və audit sahəsində çalışan 600 nəfərə yaxın mütəxəssisi qatılmışdır. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin əməkdaşları – departament direktorunun müavini Tale Həsənov, Mühasibat uçotu şöbəsinin böyük mühasibi Sürəyya Babayeva və Korporasiyanın törəmə müəssisəsi olan “ASK Əmlak” MMC-nin baş mühasibi Ruqiyyə Ağaquliyeva da sözügedən tədbirdə iştirak etmişdir.