“Azərbaycan Sənaye Korporasiyası” ASC-də coğrafi informasiya sistemləri texnologiyası əsasında “ASK CİS” sistemi yaradılıb. Tətbiq edilən yeni informasiya sistemi “Azərbaycan Sənaye Korporasiyası» ASC və onun törəmə müəssisələrinə məxsus torpaq sahələri və digər daşınmaz əmlakların vahid uçot və idarəetmə sisteminin yaradılması, müvafiq məlumatların vahid bazada cəmləşməsi, torpaq sahələrinin xəritələndirilməsi, eləcə də istehsalın və tədarükün idarə edilməsində effektivliyin artırılması, peyk təsvirləri əsasında əkinlərin monitorinqi və əldə edilmiş məlumatlar əsasında təhlillərin aparılması, məhsuldarlığın proqnozlaşdırılması, həmçinin aqrotexniki tədbirlərə operativ nəzarət, uçot sistemi və xərclərin optimallaşdırılması, torpaq sahələrinə dair aktual məlumat bazasının yaradılması, məlumatların toplanması, emalı, saxlanması, təhlil və qiymətləndirməsinə imkan yaradacaqdır. Eyni zamanda Korporasiya ilə digər dövlət qurumları, regional mərkəzlər, hüquqi və fiziki şəxslər arasında vahid mərkəzləşmiş sistem üzrə məlumat mübadiləsi aparmaq mümkün olacaqdır.
Bu sistem avadanlıq, proqram təminatı, personal, məlumatlar və təhlil komponentlərinin məcmusu olmaqla, müxtəlif informasiyalı massivlər əsasında yaradılır və ehtiyatların inventarlaşdırılması, qiymətləndirilməsi, mühafizəsi, səmərəli istifadəsi, habelə onların istismarının nəticələrinin proqnozuna imkan verir. “ASK CİS” sistemi məkana və mövqeyə söykənən qərarvermə müddətlərində istifadəçilərə köməkçi olaraq böyük həcmli coğrafi məlumatların toplanması, saxlanılması, işlənməsi, idarə edilməsi, məkansal analizi, sorğulanması, təqdim edilməsi funksiyalarının yerinə yetirilməsi üçün mükəmməl bir vasitədir.
“ASK CİS”-in imkanları əsasında qeydiyyata alınmış bütün informasiyanın ierarxik struktura malik elektron arxivləşməsi həyata keçiriləcəkdir. Həmçinin sistem pambıq, tütün və digər əkin sahələrinin coğrafi məkan mövqelərinin təyin edilməsinə, kənd təsərrüfatı infrastrukturlarından istifadə imkanlarının müəyyənləşdirilməsinə, peyk sistemləri əsasında əldə edilmiş vegetasiya, suvarma və biokütlə məlumatları əsasında əkin sahələrinin təhlilinin aparılmasına, eləcə də torpaq analizi məlumatlarını daxil edərək, sahələrdə effektiv gübrələmə siyasətinin tətbiqinə, hər bir əkin sahəsi üzrə zəruri məlumatların daxil edilməsi və hesabatların əldə olunmasına imkan verəcəkdir.
Yeni sistem «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin törəmə müəssisələrinin fəaliyyətində səmərəliliyin və hesabatlılığın artırılmasına şərait yaradacaqdır.