"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Bu qəbildən növbəti görüş “ASK” ASC və “Azəralüminium” MMC ilə “Chalieco-China Aluminum International Engineering Corp. Ltd.” (Chaileco) şirkətinin nümayəndə heyəti arasında baş tutub. “Chalieco” şirkəti dünyanın ən böyük alüminium istehsalçılarından olan “Aluminum Corporation of China” (Chinalco) şirkətinin törəmə müəssisəsidir və alüminium istehsalı üzrə layihələndirmə, mühəndislik, eləcə də digər texniki həllər təqdim edir. Görüşün əsas müzakirə mövzusunu həyata keçiriləcək layihələrin texniki məqamları və onların dəqiq planlaşdırılması, həmçinin gələcək işlərin birgə icrası üzrə danışıqlar təşkil edib.
Növbəti görüş isə “ASK” ASC, “Azəralüminium” MMC, eləcə də “Chalieco” şirkətinin iştirakı ilə Çin Xalq Respublikasının ixrac sığorta agentliyi olan “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Bank of China” qurumlarının nümayəndələri arasında keçirilib. Görüşdə alüminium sənayesinin inkişafı ilə bağlı hazırlanmış layihələr maliyyə qurumlarına təqdim edilib və onların maliyyələşməsi ilə bağlı mövzular müzakirə olunub. Müzakirələr zamanı “Sinosure” şirkətinin nümayəndələri təqdim olunan layihələrin dəstəkləndiyini bildiriblər. “Bank of China” tərəfi isə öz növbəsində alüminium sənayesinin inkişafı istiqamətində təqdim edilən layihələrin maliyyələşməsində maraqlı olduğunu vurğulayıb. Sonda kommersiya şərtlərinin dəqiq şəkildə hazırlanması məqsədilə tərəflər arasında birgə sənədlərin hazırlanması razılaşdırılıb.