09 iyul tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Kamran Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, yeni perspektivlərin araşdırılması çərçivəsində aparılan tədbirlərdən bəhs edib. Səfir Məhəmməd Əl Bluşi də öz növbəsində Azərbaycan və BƏƏ arasında mövcud qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, strateji tərəfdaşlığın inkişafı sahəsindəki nailiyyətləri qeyd edib. Görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə daxil olan müəssisələr üzrə strateji layihələrin birgə icrası və bu yöndə əməkdaşlığın qurulması perspektivləri, həmçinin investorlara çıxış imkanlarına dair müzakirələr aparılıb. Görüşün sonunda birgə müzakirələrin davam etdirilməsi və gələcək perspektivlərin inkişafına dair razılıq əldə olunub.