Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlim konfransı çərçivəsində 13-15 noyabr tarixlərində Dayanıqlı İnnovasiya Forumu keçirilib. Forumda biznes, hökumət, maliyyə də daxil olmaqla, bütün sektorlardan qlobal davamlılıq liderləri iştirak edib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-ni həmin tədbirdə Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, sözügedən departamentin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Eldarov təmsil ediblər.
Forumun məqsədi iqlim dəyişikliyi ilə mübarizədə yenilikləri və real tədbirləri təşviq etmək, həmçinin hidrogen ekosisteminin sürətli inkişafının təmin olunmasında innovativ həll yollarının birgə müzakirəsi olub.
Tədbirdə çıxış edən panel iştirakçıları tərəfindən iqlim dəyişikliyi nəticəsində meydana çıxan problemlər, onların həlli yolları, yaşıl inkişafa keçid prosesinə hazırlıq kimi qlobal mövzulara toxunulub.
15 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində Bakı Fond Birjasında “Azərbaycan Kapital Bazarında Yaşıl İstiqrazlar” mövzusunda tədbir keçirilib. Dövlət rəsmiləri, xarici və yerli şirkətlərin rəhbərləri ilə yanaşı müxtəlif ölkələrdən elm adamlarının iştirak etdiyi tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-ni Strateji inkişaf və kommersiya departamentinin əməkdaşı Ayaz Abasov təmsil edib.
Tədbirdə dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları, yaşıl intiqrazlarda investisiya şirkətlərinin rolu kimi məsələlər müzakirə olunub.
Çıxış edənlər Azərbaycanın alternativ enerji mənbəyi olan külək və günəş enerjisi sahəsində böyük potensiala malik olması, Yaşıl Maliyyələşmənin inkişaf etirilməsi, alternativ enerji mənbələrinə keçid üçün məhz Yaşıl İstiqrazların rolu mövzusunda məruzə ediblər.