Pambıqçılığın inkişafına dəstək verilməsi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qarşısında duran əsas tapşırıq və hədəflərdən biridir. Cəmiyyətin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC tərəfindən pambıq istehsalı və emalı üzrə innovativ texnologiyaların öyrənilməsi və tətbiqi, yeni təcrübələrin araşdırılması, infrastukrutun daha da gücləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. Türkiyə Respublikasının pambıqçılıq o cümlədən tekstil sahəsi üzrə zəngin təcrübəsini nəzərə alaraq qardaş dövlətin bu sahədə fəaliyyət göstərən şirkətləri ilə uğurlu əməkdaşlıqlar qurulmuş və bu əməkdaşlıqların daha da inkişafı üçün qarşılıqlı səfərlər həyata keçirilir.
Bu qəbildən olan işgüzar səfərlərin davamı olaraq bu günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azərpambıq ASK” MMC-nin rəhbər heyəti Türkiyə Respublikasında olmuşlar. Səfər çərçivəsində pambıq toxumları təmin edən şirkətlərlə yerində görüşlər keçirilmiş, maddi-texniki baza, laboratoriya şəraiti, elmi-innovativ yanaşmalar, mövcud iqlim şəraitinə uyğunlaşdırılan yeni pambıq növləri barədə məlumatlar əldə olunmuşdur. Fermerlərin də dəvət olunduğu görüşdə əldə olunan real nəticələr müzakirə edilmişdir. Bununla yanaşı, pambıq emalı üzrə avadanlıqlar və həllər təklif edən şirkətlərlərə də səfərlər təşkil olunmuş, nümayəndə heyəti pambıq emal gücü və effektivliyi daha yüksək olan avadanlıqlarla tanış olmuşlar .
İşgüzar səfər çərçivəsində pambıq yağı emalı müəssisəsində olan qonaqlar, istehsal prosesi və istifadə olunan avadanlıqlar barədə məlumat əldə etmişlər. “Azərpambıq ASK” MMC-nin yağ emal zavodunun emal prosesinin təkmilləşdirilməsi və zavodun modernizasiya işləri ilə bağlı qardaş dövlətin bu sahə üzrə uzun illərin təcrübəsinə malik mütəxəssis heyəti ilə fikir mübadiləsi aparılmışdır. Daha sonra həmin mütəxəssislər Azərbaycana dəvət olunmuş və istehsal prosesi ilə yerində tanış olunduqdan sonra zavodun gələcək inkişafı ilə bağlı müzakirələr həyata keçirilmişdir. Hal-hazırda zavodun istehsal effektivliyinin artırılması yollarının müəyyənləşməsi üzrə işçi fayl hazırlanmaqdadır.
Pambıqçılıq, o cümlədən tekstil üzrə Türkiyə Respublikası və bu sahə üzrə ixtisaslaşmış digər dövlətlərin aparıcı şirkətləri ilə qarşılıqlı əlaqələrin davam etdirilməsi, yeni əməkaşlıqların qurulması istiqamətində işlər gələcəkdə də planlı şəkildə həyata keçiriləcəkdir.