15 dekabr tarixində Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında mövcud iqtisadi əlaqələrin daha da inkişafında yeni imkanların yaranması baxımından əhəmiyyət daşıyan “CEO MeetUp Dubai” adlı biznes görüş keçirilmişdir. Tədbir çərçivəsində Dubayın aparıcı şirkəti olan “EMAAR Property” tərəfindən təqdimat olunmuşdur. Müxtəlif iqtisadi sektorlarda, o cümlədən rəqəmsal iqtisadiyyat, qabaqcıl texnologiyalar və süni intellekt kimi inkişaf etməkdə olan sahələrdə böyük potensiala malik hər iki ölkə nümayəndələrinin qatıldığı görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə, Elxan Qazizadə, Teymur Hacıyev iştirak etmişlər. Cəmiyyətin əməkdaşları tədbirdə təmsil olunan biznes strukturları ilə görüşlər keçirmiş, ikitərəfli münasibətlərin inkişafı və investisiya imkanlarının həllinə dair müzakirələr aparmışlar.