“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən qeyri-neft sektorunun, xüsusilə alüminium sənayesinin inkişafı çərçivəsində layihələrin hazırlanması, investorlarla mütəmadi olaraq görüşlərin keçirilməsi və yeni perspektivlərin araşdırılması istiqamətində işlər davam etdirilməkdədir.
Bu məqsədlə, 15 dekabr 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və Yaponiyanın “Toyota Tsusho Corporation” şirkətinin rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşdə alüminium məhsullarının istehsalı və satışı üzrə birgə əməkdaşlığın qurulması perspektivləri, alüminium inkişaf layihələri çərçivəsində investor kimi çıxış etmə imkanları, eyni zamanda istehsal sahələrində tələb olunan elektrik enerjisinin bərpaolunan resurslar hesabına qarşılanması mümkünlüyünün araşdırılması kimi mühüm məsələlər müzakirə olunmuşdur. Növbəti mərhələdə qeyd olunan məsələlər üzrə tədbirlər planının hazırlanması, müvafiq hesablamaların aparılması və kommersiya şərtlərinin daha da dəqiqləşdirilməsi nəzərdə tutulur.