Gəncə İstehsalat Kompleksində istehsal olunan alüminium məhsulların növbəti partiyası Gəncədən İstanbula yola salınmışdır. Azərbaycandan Türkiyəyə ixrac olunan bu məhsullar 74 konteyner olmaqla blok qatarla “TURKUAZ” layihəsi çərçivəsində, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə göndərilir. Bu konteynerlərdəki əmtəəlik məhsulların ümumi çəkisi isə 2000 tondan çoxdur. Layihə “ADY Konteyner” və “Azəralüminium” MMC arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir.
Memoranduma əsasən, Gəncə-Türkiyə marşrutu üzrə 486 konteyner, Türkiyə-Gəncə marşrutu üzrə 204 konteyner, Çin-Gəncə marşrutu üzrə isə 176 konteyner olmaqla, ümumilikdə 866 konteyner yükün daşınması nəzərdə tutulmuşdur.