Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 14 noyabr 2022-ci il tarixindən 05 dekabr 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
L.Tolstoy küçəsi səmtində aparılan abadlaşdırma işləri çərçivəsində 0.20 m eni, 7.6 pm ümumi uzunluğu olan, relyefə uyğun hündürlüyü 0.85÷1.20 m arasında dəyişən 2 ədəd dəmir-kompozit-beton istinad divarı quraşdırılmış və istinad divarlarının çöl səthi sahədaxili yol səviyyəsi hündürlüyünədək bitum məhlulu ilə hidroizoliyasiya olunmuşdur.
Eyni zamanda, L.Tolstoy küçəsinə paralel yaşıllıq sahəsinin qurulması işləri davam etdirilir. Bu istiqamətdə ümumşəhər əhəmiyyətli səkiyə bitişik uzunluğu 34 pm olan yaşıllıq sahəsinin bir-birinə paralel hər iki qolunun 0,20 m eni, hündürlüyü isə yol səviyyəsindən 0,20 m olan səddi betonlanmışdır. Bundan əlavə suvarma su xəttinin yaşıllıq sahəsindən keçən hissəsinin üzərində nəzarət quyusu mişar daşı ilə hörülüb suvanmışdır.
2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj xəttinin quraşdırılması işləri davam etdirilir. Bu məqsəd ilə fasiləsiz axan yeraltı təzyiqli qrunt suları nasoslarla ərazidən kənarlaşdırılaraq, boruların qırmadaş ovuntularından alt zəmin qatı qurulmuşdur. Zəmin üzərində 18 pm uzunluğunda, üzərində şahmat qaydası ilə Ø22 mm dəliklər açılmışdır. Səthi sintetik torlarla örtülən Ø315 polimer boruların səviyyələri nivelir cihazı ilə müəyyənləşdirilərək maili quraşdırılmışdır. Bundan sonra boruların üzəri müvafiq olaraq aşağıdan yuxarıya doğru 15-20 mm, 5-10 mm və 1-2 mm ölçüsündə 3 müxtəlif dənəvərliyə malik, hər biri 20 sm hündürlüyündə, 100 sm enində çınqıl daşı ilə örtülmüşdür. Boruların hər iki yan səthi isə dənəvərliyi 15-20 mm arasında dəyişən 35 sm enində çınqıl daşı ilə örtülmüşdür.
Yaşayış binasını içməli və yanğın suyu ilə təchiz edəcək hər biri 230 m3 olan 2 ədəd su anbarlarının xarici yanğınsöndürmə məqsədilə Ø2000 mm ölçüsündə yaş quyusunun inşası üçün qaya qruntunun xüsusi texnika vasitəsi ilə dağıdılması işlərinə başlanılmışdır.
Binadaxili görülən işlərdən qaraj mərtəbəsinin -2 səviyyəsində divar və tavanların emulsiya ilə ikiqat boyanması işləri davam etdirilir.
Eyni zamanda L.Tolstoy küçəsi tərəfdə xarici divarların mişar daşı ilə 40 sm enində hörülməsi işləri başa çatdırılmışdır.
Binanın -2 qaraj mərtəbəsində Dövlət ekspertizasının rəyi verilmiş yeni layihəyə uyğun avtomatik yanğınsöndürmə sistemlərinin (sprinkler sistemi) quraşdırılması işləri başa çatdırılmışdır. Eyni zamanda, köməkçi sahənin metal giriş qapısı quraşdırılmışdır. Bundan əlavə qaraj mərtəbəsinin havalandırılması üçün sinklənmiş metaldan düzəldilmiş hava kanallarının quraşdırılması işləri görülməkdədir.
Binanın 3-cü blokunun mərtəbələrində quraşdırılmış 450 kq tutuma malik, Cənubi Koreya istehsalı olan “Siqma” modelli sərnişin liftinin yanları qranitlə üzlənmişdir.
Hər 3 blokun mərtəbələrinin pilləkən qəfəsəsində yanğın zamanı ilkin müdaxilə edilməsi məqsədilə Ø50 diametrli yanğınsöndürmə şlankları qutulara quraşdırılmışdır.
Binanın -3 mərtəbəsinin işıqlandırılması işləri çərçivəsində tavanlarda 100x50 mm ölçüdə sinklənmiş metaldan kabel tavalarının və 100 W led plafonların quraşdırılmasına başlanılmışdır.
Ərazinin abadlaşdırılmasını davam etdirmək məqsədilə L.Tolstoy küçəsi boyunca olan müvəqqəti metal çəpər sökülmüşdür