“Azərbaycan Sənaye Korporasiyası” ASC beynəlxalq Geyim və Tekstil sərgisində təmsil olunub

     28-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Dünya Ticarət Mərkəzində Beynəlxalq Geyim və Tekstil sərgisi keçirilmişdir. Geyim və tekstil sahəsində dünyanın müxtəlif ölkələrindən olan tanınmış şirkətlərin təmsil olunduğu bu sərgidə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin Strateji araşdırma və investisiya şöbəsinin baş mütəxəssisi Günay Şirəlizadə, eləcə də  Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin Marketinq və biznesin inkişafı şöbəsinin müdiri Elvira Məmmədova və həmin şöbənin Xarici əlaqələr və marketinq üzrə baş mütəxəssisi İlqar Nəzərov də iştirak etmişdir. 

      “Azəripək” MMC tərəfindən istehsal olunan məhsullardan ibarət  stend  tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.  Stenddə milli ruhda işlənmiş xalça, kəlağayı, şərf və nümunə parçalar nümayiş etdirilmişdir. “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azəripək” MMC-nin nümayəndələri beynəlxalq şirkətlərlə biznes görüşlər keçirmiş, əməkdaşlıq perspektivləri, investisiyaların cəlb olunması istiqamətində müzakirələr aparmışlar.  Sözügedən müzakirələr çərçivəsində müəssisə tərəfindən istehsal edilən ipək və pambıq parçaların tekstil şirkətlərinə ixrac edilməsi ilə bağlı danışıqlar da müzakirə mövzusu olmuşdur.  

      Bildirilib  ki, sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur, alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu  artıq həm beynəlxalq, həm də daxili bazarda ən əsas mövqeyə çevrilir. Ölkə Prezidentinin yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan 2016-cı il 5 oktyabr tarixli  Fərmanına əsasən  "Made in Azerbaijan" brendi altında dünyanın müxtəlif ölkələrində təqdimatların keçirilməsi Azərbaycan və onun məhsullarının tanıdılması baxımından əhəmiyyət daşıyır. ”Azəripək” MMC-nin istehsal  etdiyi ipək məhsulların  "Made in Azerbaijan"  brendi altında dünyaya tanıdılması  Azərbaycan məhsullarının fərqliliyini, keyfiyyətini nümayiş etməklə  yanaşı, yeni bazarlarda tanıdılmasına nail olmaq imkanı da yaradacaqdır.

Fotolent

Yeni xəbərlər