Bakıda “Gələcək üçün yenilən” şüarı ilə III Maliyyə və İnvestisiya Forumu (FIF2022) keçirilib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya, eləcə də Maliyyə departamentinin əməkdaşları həmin tədbirdə iştirak ediblər. Forumun əsas məqsədi ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması və maarifləndirmə prosesindən ibarət olub. 3 panel, 14 spikerin iştirakı ilə keçirilən tədbirdə dünyada və regionda yaranmış yeni iqtisadi, maliyyə, investisiya imkanları, həmçinin rəqabətcil bazarı gözləyən yeni fürsətlər müzakirə edilib. Maliyyə və investisiya sahəsində çalışan peşəkar və təcrübəli mütəxəssislərin spiker qismində çıxış etdiyi forumda gələcəyin iqtisadiyyatı üzrə mövzulara dair fikir mübadiləsi aparılıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları potensial sahələr üzrə əməkdaşlıq perspektivləri ilə bağlı görüşlərə qatılaraq, yeni maliyyə resurslarını - investisiya şirkətlərini, ticarət-nəqliyyat partnyorlarını regiona cəlb etmək və yeni infrastruktur yaratmaqla iqtisadi fürsətləri dəyərləndirmək kimi mövzular yönündə müzakirələr aparıblar.