Mühasibatlıq üzrə dünyanın nüfuzlu təşkilatı olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təşkilatçılığı ilə 18-21 noyabr 2022-ci il tarixlərində Hindistanın Mumbay şəhərində sayca 21-ci olan “Ümumdünya Mühasiblər Konqresi-2022” (WCOA-2022) hibrid rejimdə keçirilmişdir. Konqres tarixində ilk dəfə olaraq hibrid rejimdə təşkil olunmuş, nəticədə iştirakçılar sözügedən tədbirdə virtual olaraq iştirak etmək imkanı əldə etmişlər.
Dünya Mühasiblər Konqresi ilk dəfə olaraq 1904-cü ildə ABŞ-ın St. Louis şəhərində 118 il bundan əvvəl keçirilmişdir. Bu gün həmin Konqres hər dörd ildən bir keçirilən Olimpiya Oyunları kimi genişmiqyaslı beynəlxalq tədbir sayılır.
Dünya Mühasiblər Konqresi gələcək üçün ideyaları qeyd etməklə yanaşı, bu dəfə mühasibatlıq peşəsinin ictimai maraqların müdafiəsində göstərdiyi mühüm missiyasını və bu peşənin gələcəkdə dayanıqlı iqtisadiyyatları təmin etmək üçün necə instrumental rol oynaya biləcəyini nəzərə alaraq “Davamlılığı təmin edən etimadın yaradılması” sloqanı ilə təşkil olunmuşdur.
WCOA 2022 mühasibat uçotu, maliyyə və biznes mütəxəssisləri üçün interaktiv müzakirələr vasitəsilə fikir mübadiləsi aparılmasına uyğun platforma olmaqla qabaqcıl təcrübələrdən faydalanmağa və beynəlxalq əlaqələrin yaranmasına imkan yaradır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC, həmçinin törəmə cəmiyyətlərinin maliyyə və mühasibat uçot strukturlarının əməkdaşları 4 ildən bir keçirilən Dünya Mühasiblər Konqresində onlayn iştirak imkanlarından faydalanaraq ilk dəfə bu mötəbər tədbirdə təmsil olunmuşlar. Maliyyə və mühasibat uçotu strukturlarının əməkdaşları tədbirin əsas müzakirə istiqamətləri olan “Mühasibat Uçotu, Audit, Korporativ İdarəetmə və Vergilər üzrə qlobal tendensiyalar”, “İnnovasiya, Fintech və Start-Upların yetişdirilməsi”, “Gələcəyə Hazır Peşə”, “Dövlət Maliyyə İdarəetməsinin Gücləndirilməsi”, “Dürüstlük, liderlik və etibar”, “Rəqəmsal texnologiyaların artan əhəmiyyəti”, “İnklüziv böyümə üçün qlobal əməkdaşlıq”, “Davamlılığın təmin edilməsində mühasibatlıq peşəsinin rolu” mövzuları üzrə panel müzakirələrə qatılmışdır.
Əməkdaşlar panel müzakirələrə çıxarılmış mövzulara dair çıxışçıların təqdimatlarını, qlobal trendləri, imkanları və yenilikləri təhlil etməklə öz peşəkar fəaliyyətlərində bu yeniliklərin inteqrasiya imkanlarını nəzərdən keçirmişdir. Hibrid tədbir 4 gün davam etmiş və 21 noyabr 2022-ci il tarixində başa çatmışdır.