“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Çin Xalq Respublikasının “Sunstone Development Co. Ltd” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1704 nömrəli 4 dekabr 2017-ci il tarixli Fərmanının 10.2-ci bəndinə əsasən “ASK” ASC-yə alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatların aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarının araşdırılması tapşırığı verilmişdir. Qeyd olunan tapşırığın icrası məqsədilə “ASK” ASC tərəfindən ilkin layihələr hazırlanmış və həmin layihələrdə iştirakla bağlı xarici investorlarla mütəmadi olaraq görüşlər keçirilmişdir.

Neft koksunun kalsinasiyası və alüminium istehsalı üçün vacib xammallardan biri olan anod bloklarının istehsalının ölkəmizdə təşkili məqsədilə 16 noyabr 2022-ci il tarixində “ASK” ASC ilə Çin Xalq Respublikasının “Sunstone Development Co. Ltd” şirkətinin rəhbər heyəti arasında görüş keçirilmişdir. Görüşdə qeyd olunan layihə üzrə birgə çalışılmalar, uzunmüddətli əməkdaşlığın qurulması, ölkəmizə investisiyanın cəlb olunması kimi mühüm məsələlər müzakirə edilmişdir.

Qeyd olunmalıdır ki, “Sunstone Development” şirkəti tərəfindən istehsal olunan anod həcmi 2011-ci ildə 1 mln ton olmuş, 2022-ci ildə 2.5 mln tona yüksəlmiş və 2025-ci ildə isə bu rəqəmin 4.5 mln tona çatdırılması planlaşdırılır. Çinin illik anod ixracının 39%-i “Sunstone Development Co. Ltd” şirkətinin payına düşür və anod istehsalının həcminə görə dünyanın ən böyük şirkətlərindən biridir.

Anod blokları istehsalının ölkəmizdə qurulması yalnız idxaldan asılılığın aradan qaldırılması və xaricə valyuta axınının qarşısının alınması baxımından deyil, eyni zamanda gələcəkdə digər alternativ sahələrin də yaranması, həmin sahələr üzrə xarici investorların cəlbi və ölkəmizdə istehsal olunan məhsullarla dünya bazarına daha rəqabətli şəkildə çıxmaq baxımından da xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, layihənin icrası yeni iş yerlərinin açılmasına, bu sahə üzrə milli kadr potensialımızın daha da güclənməsinə və ümumi sosial-iqtisadi inkişafın təmin olunmasına imkan verəcəkdir.

Trend

Fotolent

Yeni xəbərlər