Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 17 oktyabr 2022-ci il tarixindən 14 noyabr 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Lev Tolstoy küçəsi səmtində abadlaşdırma işləri çərçivəsində 0.20 m enində, ümumi uzunluğu 24 pm, relyefə uyğun olaraq hündürlüyü 0.40÷1.35 m arasında dəyişən dəmir-kompozit-beton istinad divarları quraşdırılmışdır. Eyni zamanda, L.Tolstoy küçəsinə paralel yaşıllıq sahəsinin qurulması işlərinə başlanılmışdır. Bu istiqamətdə ümumşəhər əhəmiyyətli səkiyə bitişik yaşıllıq sahəsinin paralel qoşa beton səddinin 0.4 x 0.2 m ölçülərində karkası, dəmir-kompozit qarışığından toxunan bünövrəsi və binaya tərəf olan qolunun 0,20 m enində, yol səviyyəsindən 0,20 m hündürlüyündə səddi betonlanmışdır.
2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj xəttinin davam etdirilməsi məqsədilə Ø315 polimer borular alınıb sahəyə gətirilmişdir. Fasiləsiz axan yeraltı təzyiqli qrunt suları nasoslarla ərazidən kənarlaşdırılaraq boruların qırmadaş ovuntularından alt zəmin qatının qurulmasına başlanılmışdır.
Zərgərpalan küçəsi tərəfdən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinə qalxıb-enmək üçün nəzərdə tutulan 2 ədəd ovalvari pilləkənin klassik üslubda dekorativ düralüminium məhəccərləri quraşdırılmışdır.
Binadaxili görülən işlərdən 3-cü blokda mənzillərin metal giriş qapılarının quraşdırılması işləri başa çatdırılmış, fövqəladə hallar zamanı təxliyyə məqsədilə hər üç blokda qeyri-yaşayış sahələrindən lift holuna ümumilikdə 4 ədəd metal çıxış qapısı quraşdırılmışdır.
Bütün blokların yaşayış mərtəbələrində açıq tamburların divar və tavanlarında “ağlay” rəngində fasad emulsiyası ilə ikiqat boya işləri görülür. Eyni zamanda, 1-ci blokun girişində lift holunun divar və tavanları emulsiya ilə ikiqat boyanmışdır.
Qaraj mərtəbələrinin -2 səviyyəsində Dövlət ekspertizasının rəyi verilmiş yeni layihəyə uyğun avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması işləri davam etdirilir. Eyni zamanda, xarici divarlar 40 sm enində mişar daşı ilə hörülür. Bundan əlavə 1-ci blokun qarşısında inşa olunan havasovurma şaxtası üzərində 0.5 x 1.0 x 2.0(h) m ölçülərində sinklənmiş metaldan havalandırma kanalı quraşdırılmışdır.
Binanın L.Tolstoy küçəsi tərəfdən qeyri-yaşayış sahəsində quraşdırılan 4 ədəd alüminium vitraj 6x6 paket temper şüşələrlə şüşələnmişdir. Eyni zamanda, 1-ci blokda 6-10-cu mərtəbələrin lociyalarında quraşdırılmış PVC pəncərələrin şüşələnməsi başa çatdırılmışdır.