14 noyabr 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru cənab Kamran Nəbizadənin sədrliyi ilə “Azərpambıq ASK” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2022-ci ilin yenilənmiş proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilmişdir. Bildirilmişdir ki, oktyabr-noyabr ayları ərzində büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanmışdır. Son iki ildə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsiri, 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, iqlim dəyişiklikləri və ABŞ dollarının uçot dərəcəsinin il ərzində bir neçə dəfə artırılması səbəbindən qlobal tekstil sənayesində iqtisadi fəallıq ciddi şəkildə aşağı düşmüş və bir sıra yeni risklər yaranmışdır. Pambıq mahlıcının birja satış qiymətinin il ərzində kəskin şəkildə aşağı düşməsi, xam pambığın tədarük qiymətinin 2022-ci il ərzində artaraq 1 ton üçün 700 manatdan 800 manata qalxması, maya dəyərinin artması nəzərə alınmış, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulmuşdur. Satış həcmlərinin daha münasib qiymətlərə uyğun təyin edilməsi planlaşdırılmış, satışların aşağı olduğu aylarda təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaitinə yarana biləcək tələbləri qarşılamaq üçün qısamüddətli bank krediti xəttindən istifadə üzrə yerli banklarla əməkdaşlıq qurulmuşdur. Dövriyyə vəsaitindən daha səmərəli istifadə edilməsi üçün illik satınalma və investisiya planları büdcə layihəsi ssenarilərinə müvafiq olaraq bir neçə variantda hazırlanmışdır. Beynəlxalq nüfuzlu təşkilatların proqnozlarına istinad edilərək “Azərpambıq ASK” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanaraq müəssisənin Müşahidə Şurasına təqdim edilmişdir.