Oktyabrın 28-də “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının (ICCA) Təlimatı: Hakimlər üçün əl kitabı”nın təqdimatı keçirilib. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, Baş direktorun müavini İlqar İsayev və Hüquq departamentinin direktoru Toğrul Quluzadə sözügedən tədbirdə iştirak etmişdirlər.
Hüquq ictimaiyyəti üçün əhəmiyyətə malik ola bu vəsait Azərbaycan dilində Vəkillər Kollegiyasının üzvləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin hüquq departamentinin direktoru Toğrul Quluzadə və “KPMG” Azərbaycan ofisinin hüquq meneceri Şahlar Məmmədov tərəfindən hazırlanmışdır.
Bildirilir ki, ölkəmiz “Xarici ticarət arbitrajı” haqqında Avropa Konvensiyasına 1996-cı ildə, “Xarici arbitraj qərarlarının tanınması və icrası” haqqında Nyu-York Konvensiyasına 2000-ci ildə qoşulmuşdur. Həmçinin, təxminən eyni dövrdə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Təqdimatda çıxış edənlər, dünya iqtisadiyyatının və beynəlxalq kommersiya münasibətlərinin intensiv inkişafı dövründə, beynəlxaq arbitraj hüququn əhəmiyyətinin də dayanmadan artdığını qeyd edərək, kitabın Azərbaycan dilində hazırlanmasını yüksək qiymətləndiriblər. Həmçinin, qeyd edilib ki, bu kitab həm hakimlər, həm vəkillər və həm də sahibkarlıq subyektləri üçün faydalı olacaqdır. Vəsaitin əhəmiyyətindən danışan tədbir iştirakçıları nəşrin ərsəyə gəlməsində rolu olanlara təşəkkür ediblər.
Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün nəzərdə tutulan bu əl kitabı xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha təfərrüatlı öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICCA) tərəfindən nəşr olunub. ICCA-nın rəsmi veb-saytında bu kitab dünya ictimaiyyəti üçün müxtəlif dillərdə (27 dildə) mövcuddur və artıq bu dillər sırasına hazırda azərbaycan dili də əlavə edilmişdir.
( https://www.arbitration-icca.org/iccas-guide-interpretation-1958-new-york-convention )