Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 26 sentyabr 2022-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Süleyman Tağızadə küçəsi səmtində abadlıq işləri çərçivəsində yaşıllaşdırma sahəsini davam etdirmək məqsədilə ümumşəhər əhəmiyyətli səkiyə bitişik 0.2 metr enində, 14 metr uzunluğunda paralel qoşa dəmir-kompozit-beton zolaq bitum məhlulu ilə hidroizoliyasiya olunduqdan sonra içərisi 0.6 m enində münbit torpaqla doldurulmuş, daha sonra isə sahəyə çəmən toxumları və zeytun ağacları əkilmişdir.
2-ci və 3-cü blokların qarşısında yeraltı qrunt sularının yığılıb kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntu xüsusi texnika ilə dağıdılıb və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılması işləri davam etdirilir.
Qaraj mərtəbəsinə giriş pandusunun örtük tavası üzərində “ağlay” daşı ilə üzlənmiş meydançanın Lev Tolstoy küçəsi tərəfdən metal məhəccərinin quraşdırılması işləri başa çatdırılmışdır.
Yaşayış binasının su təchizatını təmin etmək məqsədilə inşa olunan 2 ədəd su anbarı və nasosxananın perimetri boyu 20 sm enində ümumi uzunluğu 64 pm, relyefə uyğun olaraq hündürlüyü 0.8÷1.8 m arasında dəyişən monolit dəmir-kompozit-beton istinad divarları quraşdırılmışdır. Eyni zamanda, nasosxananın giriş-çıxış meydançası “ağlay” daşı ilə üzlənmiş, divar və tavanında ikiqat boya hazırlıq işləri görülməkdədir.
Binadaxili görülən işlərdən layihə üzrə 1-ci və 2-ci blokun hər birində 2 ədəd metal giriş qapısı quraşdırılmış və bununla da hər üç blokun giriş qapılarının quraşdırılması başa çatdırılmışdır.
Layihə üzrə 1-ci blokda giriş qapısı önündəki döşəmə və 2-ci bloka giriş mərtəbəsində hər iki liftin yanları qranit materialı ilə üzlənmişdir.
2-ci blokun yaşayış mərtəbələrində tamburların divar və tavanlarında fasad emulsiyası ilə ikiqat boya işi görülür.
Mənzillərdə zədələnmiş PVC qapı, pəncərə və şüşələrdə bərpa işləri davam etdirilir və 2-3 günə başa çatdırılacaqdır.
Qaraj mərtəbələrinin -2 səviyyəsində ekspertizadan keçmiş yeni layihəyə uyğun avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması işləri davam etdirilir. Eyni zamanda, xarici divarlar 40 sm enində mişar daşı ilə hörülür.
Binanın qaraj mərtəbələrinin -3 səviyyəsindən xüsusi daşıyıcı-yükləyici texnika vasitəsi ilə inşaat zibilləri təmizlənərək yük maşınları ilə ərazidən kənarlaşdırılır.