"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin nümayəndələri "Avando.az" portalının təqdimat mərasimində iştirak etmişlər

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Inkişaf Fondu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşəbbüsü ilə yaradılan "Avando.az" portalının təqdimat mərasimi keçirilmişdir. "Avando.az"  portalı Azərbaycan Respublikası ərazisində yerləşən peşə təhsil müəssisələrinin məzunları və işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılmasına imkan yaradacaq bir layihədir.

Tədbirdə  "Azərbaycan Sənaye Korporasiyası" ASC və onun törəmə cəmiyyətləri olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, eləcə də "Azəralüminium" MMC-nin insan resursları şöbələrinin rəhbər heyəti də iştirak etmişdir. Təqdimat mərasimində çıxış edən "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Korporativ Xidmətlər departamentinin direktoru Azad Aslanov qeyd etmişdir ki, dövlət və özəl işəgötürən-təşkilatlarla peşə təhsil mərkəzlərinin məzunları arasında birbaşa əlaqənin yaradılmasına xidmət edən portal ölkədə ixtisaslaşdırılmış gənc kadrların məşğulluğunu təmin etməklə yanaşı, istehsal sahəsində tələb edilən kadr ehtiyat fondlarının formalaşdırılmasına zəmin yaradacaqdır. Cəmiyyətin rəsmisi onu da əlavə etmişdir ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə cəmiyyətlərinin fəaliyyətində bir çox ixtisaslaşmış peşələr üzrə kadrlara ehtiyac yaranır və yeni yaradılan portal bu tələbatın aradan qalxacağı baxımından əhəmiyyətli missiyaya malikdir.
 

Fotolent

Yeni xəbərlər