Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisinin davam etdirilməsi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 11 avqust 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Süleyman Tağızadə küçəsi tərəfdə binanın qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinə qalxıb-enmək üçün layihə üzrə 2 pilləkəndən sayca birincisinin və bu pilləkənə bitişik dəmir-beton istinad divarının metal məhəccərləri, eyni zamanda qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin ikitərəfli giriş-çıxışı olan xarici pilləkənin tökmə alüminium məhəccəri quraşdırılmışdır.
Zərgərpalan küçəsi tərəfdən -2 qaraj mərtəbəsinə avtomobillərin giriş-çıxışının təmin olunduğu pandusda xarici dəmir-beton divar və bortların üstləri və tinləri “ağlay” daşı ilə üzlənmişdir.
Bundan başqa, -2 qaraj mərtəbəsində pandusun üzərunə rifli beton qatı çəkilmişdir.
2-ci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntu xüsusi texnika ilə dağıdılmış və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılmışdır. Hal-hazırda da bu sahədə işlər davam etdirilir.
Qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinin daha yaxşı işıqlandırılması (insolyasiya) məqsədi ilə tağvari pəncərələrdən bir ədədi kəsilib genişləndirilmiş və yanları “ağlay” daşı ilə haşiyələnmişdir.
Yaşayış binasının su təchizatını təmin etmək məqsədi ilə inşa olunan 2 ədəd su anbarı və nasosxananın Lev Tolstoy küçəsi tərəfdən bayır yan səthləri narın qrunt ilə əks doldurulmuşdur.
Binadaxili görülən işlərdən pilləkən meydançalarındakı şaxtalarda PVC santexnik və elektrik dolab qapılarının quraşdırılması işləri başa çatdırılmışdır.
Layihə üzrə 3-cü blokda metal giriş qapısı quraşdırılmışdır.
Eyni zamanda iki ədəd liftin yanları qranit materialı ilə üzlənmişdir.
Yaşayış mərtəbələrinin eyvanları fasad emulsiyası ilə ikiqat boyanmışdır.
-2 mərtəbəsinin qaraj sahəsinin yan divarları və tavanının emulsiya ilə ikiqat boyanması işləri davam etdirilir.
Elektrik işləri çərçivəsində -2 mərtəbəsinin qaraj sahəsinin işıqlandırılması məqsədi ilə 100 Wt gücə malik “led” plafonlar quraşdırılmışdır.
2-ci blokun yaşayış mərtəbələrində eyvan, lift holu, dəhliz və pilləkən qəfəsəsində hərəkət sensoru ilə işləyən “led” çıraqlar quraşdırılmışdır.
Yaşayış mərtəbələrində mənzillərin metal giriş qapılarının quraşdırılması işləri davam etdirilmişdir.
Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq yük maşınları ilə ərazidən kənarlaşdırılmışdır.