Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 18 iyul 2022-ci il tarixindən 11 avqust 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Süleyman Tağızadə küçəsi tərəfdə binanın qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinə qalxıb-enmək üçün layihə üzrə 2 pilləkəndən sayca birincisinin pilləkən marşları, meydança, sütun və yanları binanın ümumi fasadına həmahəng surətdə “ağlay” daşı ilə üzlənmiş və məhəccərlərin quraşdırılması işlərinə başlanılmışdır. Eyni zamanda, sayca ikinci pilləkənin 5,0x2,0x0,5 m ölçülərində dəmir-kompozit-beton alt tavası B25 marka beton ilə betonlanmış, pilləkən marşları və meydançası mişar daşı ilə hörülüb üzlənmişdir.
Zərgərpalan küçəsi tərəfdən -2 qaraj mərtəbəsinə avtomobillərin giriş-çıxışının təmin olunduğu pandusda 6,5 m uzunluğunda izafi yağış sularının yığılması üçün nəzərdə tutulan drenaj kanalı inşa edilmişdir.
Qaraj mərtəbəsinə giriş pandusunun M.Muxtarov küçəsi səmtində örtüyünün “ağlay” daşı ilə üzlənmə işləri başa çatdırılmışdır.
2-ci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntunun xüsusi texnika ilə dağıdılması və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılması işləri davam etdirilir.
Yaşayış binasının su təchizatını təmin etmək məqsədi ilə inşa olunan 2 ədəd su anbarı və nasosxananın bayır yan səthlərinin hidroizoliyasiya işləri başa çatdırılmış, paralel olaraq narın qrunt ilə əks doldurma, nasosxanaya qalxıb-enmək üçün inşa olunmuş dəmir-beton pilləkənin “ağlay” daşı ilə üzlənməsi işləri görülməkdədir. Eyni zamanda su anbarlarına düşüb-çıxmaq üçün 0,85x0,85 m ölçüsündə 2 ədəd metal giriş qapağı quraşdırılmışdır.
Nasosxanada yanğın və içməli su nasoslarının elektrik təchizatı işləri görülmüşdür.
Binadaxili görülən işlərdən mərtəbələrdə şaxtalarda PVC santexnik və elektrik dolab qapılarının quraşdırılması işləri davam etdirilir.
Yaşayış binasının elektrik enerjisi təchizatının fasiləsizliyini təmin edəcək Türkiyə istehsalı “AKSA” brendinə, 250 kVA gücə malik “AD 275” model generatorun yerləşdiyi otağa binanın mərkəzi elektrik şit otağından (3x240+1x120) mm² en kəsikli “NAYY” elektrik kabelinin tavalarla çəkilməsi işi görülmüşdür.
3-cü blokda pilləkən qəfəsəsində metal məhəccərin quraşdırılması və lift holunda qranit döşəmə işləri görülmüşdür.
Mənzillərdə pəncərələrin şüşələnməsi, zədələnmiş qapı və pəncərələrdə isə bərpa işləri yerinə yetirilir.
Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq yük maşınları ilə ərazidən kənarlaşdırılmışdır.