Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 13 iyun 2022-ci il tarixindən 26 iyun 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.
Süleyman Tağızadə küçəsi tərəfdən qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinə (0.000 səviyyəsi) qalxıb-enmək üçün nəzərdə tutulmuş pilləkənin dəmir-beton sütun, meydança və pillələri B25 marka betonla betonlanaraq quraşdırma işləri başa çatdırılmışdır.
Zərgərpalan küçəsi tərəfdən -8.35 səviyyəsinə enib-qalxmaq üçün nəzərdə tutulan 28 metr uzunluğunda monolit dəmir-beton pilləkənlərin “ağlay” daşı ilə üzlənməsi işləri başa çatdırılmışdır. Eyni zamanda, Zərgərpalan küçəsi boyu bina fasadında dəmir-beton sütun və rigellərin “ağlay” daşı ilə üzlənməsi işləri başa çatdırılmaq üzrədir.
Lev Tolstoy küçəsi səmtində binanın (-3) qaraj mərtəbəsinə avtomobillərin sərbəst giriş-çıxışının təmin olunması məqsədilə inşa olunmuş pandusun döşəməsinə düzləndirici kompozit-beton qatı verilmişdir.
1-ci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntunun xüsusi texnika ilə dağıdılması və böyük qabaritli avtomaşınlarla ərazidən daşınıb çıxarılması işləri davam etdirilir.
Yaşayış binasının su təchizatını təmin etmək məqsədilə inşa olunan 2 ədəd su anbarı və nasosxana arasında yerin relyefinə uyğun olaraq mişar daşından 40 sm enində 2 ədəd istinad divarı hörülərək suvanmışdır. Eyni zamanda, su anbarları və nasosxananın xarici divarlarının izoliyasiyasına başlanılmışdır. Nasosxanada biri işlək digəri ehtiyyat olmaqla 2 ədəd yanğın su nasosu quraşdırılmışdır. İki ədəd su anbarının hər birinin üzərində iki ədəd olmaqla ümumilikdə dörd ədəd Ø110 polad borudan havakeş quraşdırılmışdır.
Abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsinə paralel surətdə bordürlərin quraşdırılması üçün xəndək qazılmışdır.
Binadaxili görülən işlərdən yaşayış binasında tamamlanmayan sonuncu 450 kq yükgötürmə qabiliyyətli (6 nəfər), Cənubi Koreyanın “Sigma” şirkətinin istehsalı olan sərnişin liftinin mərtəbələrdəki qapılarının quraşdırılması yekunlaşdırılmışdır.
Mənzillərdə yeni PVC qapı-pəncərələrin quraşdırılması, pəncərələrin şüşələnməsi, zədələnmiş qapı və pəncərələrdə isə bərpa işləri davam etdirilir.
Mərtəbələrdə şaxtalarda PVC santexnik və elektrik dolab qapılarının quraşdırılmasına başlanılmışdır.
Yaşayış mərtəbələrində mənzillərin metal giriş qapılarının quraşdırılması işləri davam etdirilir. Belə ki, daha 12 mənzilin giriş qapısı quraşdırılmışdır.
Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq ərazidən yük maşınları ilə kənarlaşdırılmışdır.