Dünyada su nəqliyyatı ilə daşımalarda olan böhran və kəskin konteyner qıtlığı səbəbindən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC alternativ çıxış yolu kimi, ilkin alüminium istehsalında əsas xammal sayılan qabaqcadan bişirilmiş anod bloklarının Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat marşrutundan (Çin-Qazaxıstan-Azərbaycan ) istifadə etməklə daşınması qərarına gəlmişdir.
Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu ilə daşıma “Azəralüminium” MMC və "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan “ADY Conteyner” MMC şirkətlərinin rəqabət qabiliyyətli logistika modelinin qururlması nəticəsində mümkün olmuşdur.
Çatdırılma müddəti 120 gündən 30 günə salınmış sabit marşrutdan istifadə edərək daşımaların təşkili “Azəralüminium” MMC-nin fasiləsiz fəaliyyət göstərən Gəncə İstehsalat Sahəsinə strateji xammalın çatrılımasında stabillik yaradacaq və istehsalat sahəsinin xammal ilə fasiləsiz təchiz olunmasını təmin edəcəkdir.
Çin Xalq Respublikasının Qujing şəhərindən – Azərbaycan Respublikasının Gəncə şəhəri marşrutu üzrə hərəkət edən 50 konteynerdən ibarət olan qatar bloku 30 gün ərzində “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Sahəsinə çatmışdır.
Ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələr sırasında öncüllərdən olan “Azəralüminium” MMC sözügedən marşrut üzrə adı çəkilən xammalın daşınmasında “ADY Conteyner” MMC ilə əməkdaşlığı davam etdirmək və gələcəkdə də bu sahədə iş birliyini genişləndirməyi planlaşdırır.