“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

      Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında yerləşən tikintisi yarımçıq  qalmış 3 bloklu,  çoxmərtəbəli yaşayış binasının  tikintisi  üzrə  31 may 2022-ci il tarixindən 13 iyun 2022-ci il tarixinə kimi olan müddət ərzində podratçı şirkət "EL Construct" MMC tərəfindən tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.  

    Süleyman Tağızadə küçəsi tərəfdən qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinə (0.000 səviyyəsi) qalxıb-enmək üçün nəzərdə tutulmuş pilləkənin dəmir-beton istinad divarları B25 marka beton ilə betonlanmışdır.

    Zərgərpalan küçəsi tərəfdən -8.35 səviyyəsində yerləşən 28 metr uzunluğunda dəmir-beton pilləkənlərin ağlay daşı ilə üzlənməsi işlərinin 90%-i yerinə yetirilmişdir.

    Zərgərpalan küçəsi boyu yağış sularının drenaj kanalının barmaqlıqlarının quraşdırılması işləri görülməkdədir.

    Lev Tolstoy küçəsi səmtində qaraj mərtəbəsinə avtomobillərin sərbəst giriş-çıxışının təmin olunması məqsədilə inşa olunmuş pandusun metal günlüyünün, onun suaxıdıcı novalçalarının və borularının quraşdırılma işləri başa çatdırılmışdır. Paralel olaraq pandusun monolit dəmir-beton xarici divarının hündürlük boyu davamının armatur karkası toxunaraq B25 marka beton ilə betonlanmışdır.

    Birinci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntu xüsusi texnika ilə dağıdılıb yük maşınları ilə ərazidən kənarlaşdırılmışdır.

    Yaşayış binasının su təchizatını təmin etmək məqsədi ilə inşa olunan 2 ədəd su anbarı və nasosxanada layihə üzrə polad Ø159 mm içməli və Ø219 mm xarici yanğın su borularının quraşdırılması işləri görülməkdədir.

     Nasosxanada 1.2x2.2(h) m ölçüdə metal giriş qapısı və 1.5x1.2(h) m ölçüdə PVC pəncərə quraşdırılmışdır.

    Binadaxili görülən işlərdən yaşayış binasında qaraj mərtəbəsinin havalandırılması məqsədi ilə pandus üzərində iç ölçüləri 0.60x0.95x0.95 (h) m olan mişar daşından  havasovurma şaxtası inşa olunmuşdur.

    Bina fasadının reklam məqsədilə müvəqqəti işıqlandırılması üçün Murtuza Muxtarov və Süleyman Tağızadə küçələri tərəfdən ümumilikdə 21 ədəd “led” lampalı  çıraqlar quraşdırılmışdır.

    Damda yerləşən havalandırma aqreqatlarının və lift maşın şöbəsinin elektrik təchizatı üçün elektrik şit otaqlarında 5x6 mm2 en kəsikli elektrik kabelləri quraşdırılmışdır.

    Yaşayış mərtəbələrində mənzillərin metal giriş qapılarının quraşdırılmasına başlanılmışdır. Belə ki, artıq 26 mənzilin giriş qapısı quraşdırılmışdır.

    -8.35 səviyyəsində qarajın divar və tavanlarında boya hazırlıq işləri görülməkdədir.

    Tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq ərazidən yük maşınları ilə kənarlaşdırılmışdır.

 

Fotolent

Yeni xəbərlər