Avropa İttifaqı və Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi məqsədilə beynəlxalq səviyyəli "Avropa İttifaqı-Azərbaycan Biznes Forum 2022" keçirilib.
Biznes Forum Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən COWI Beynəlxalq Konsaltinq Qrupu, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, İnvestBaku və AZPROMO-nun birgə təşkilatçılığı ilə hibrid formatda baş tutub.
Avropa İttifaqı Nümayəndəliyinin hər il keçirdiyi öncül bir tədbir olan Aİ-Azərbaycan Biznes Forumunun əsas məqsədi Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığın gücləndirilməsi, dövlət - özəl sektor arasındakı dialoqun təşviqi ilə potensial biznes tərəfdaşlığı üçün birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması və bizneslər arasında şəbəkələşmənin artırılmasından ibarətdir.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya, eləcə də Maliyyə departamentinin əməkdaşları bu tədbirdə iştirak edib.
Tədbirin proqramına əsasən “Aİ biznes mühiti hesabatı-Azərbaycan 2021”in təqdimatı keçirilib. Bundan əlavə Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiyaların yatırılması, Kiçik və orta sahibkarlıq, Azad İqtisadi Zonaların fəaliyyəti, maliyyə resurslarına çıxış istiqamətləri üzrə təqdimatlar edilib və müzakirələr aparılıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndə heyəti tədbir zamanı Avropadan olan investor və iş adamları ilə görüşlər keçirib, Korporasiyanın fəaliyyət istiqamətləri, məqsədi, balansına verilmiş dövlət aktivlərinin idarəedilməsi təcrübəsi, investisiya fəaliyyətləri, ölkəmizin qeyri-neft sektorunun inkişafında rolu istiqamətlərində müzakirələr aparıblar.