Podratçı şirkət “EL Constuct” MMC tərəfindən “Abidə” MTK-nın binası üzrə 25 aprel 2022-ci il tarixindən 16 may 2022- ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri ardıcıl və fasiləsiz olaraq davam etdirilib.
Belə ki, Lev Tolstoy küçəsi səmtində -5.35 səviyyəsində qaraj mərtəbəsinin pandusunun örtüyünün izolyasiya olunması məqsədi ilə tavanın üzərinə h=20 mm qalınlığında hamarlayıcı sement-qum məhlulu çəkilmiş, üzəri bitum məhlulu ilə sürtülmüşdür. Hal-hazırda isə ikiqat ruberoiddən hidroizolyasiya işləri davam etdirilir.
Qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi boyu fasadın Lev Tolstoy küçəsinə baxan hissəsində əvvəllər tikinti norma və qaydaları pozulmaqla üzlənmiş, sonradan qoparaq tokülmüş “ağlay” daşlarının bərpası işləri yekunlaşmışdır.
Sahədaxili su kəmərinin çəkilməsi məqsədilə ölçüləri 2.0x2.0x1.2(h) m olan su süzgəc quyusunun divarları 20 sm qalınlığında mişar daşı ilə hörülmüş və iç divarları sement-qum məhlulu ilə suvanmışdır.
Zərgərpalan küçəsi tərəfdən binanın -4.95 səviyyəsinə qalxıb-enmək üçün nəzərdə tutulan 2 ədəd vintvari pilləkəndən sayca birincisinin pilləkən meydançaları, sütunları, pillələri və pilləkənin yan səthi ağlay daşı ilə üzlənmişdir. Hal-hazırda da sayca ikinci pilləkəndə ağlay daşı ilə üzlənmə işləri yekunlaşmaq üzrədir.
Eyni zamanda, binanın -2 mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin qapı və vitrajlarının quraşdırılması üçün əvvəllər 40 sm qalınlığında mişar daşı ilə hörülmüş yan divarı sökülmüş inşaat zibili ərazidən kənarlaşdırılmışdır.
Murtuza Muxtarov küçəsi səmtində həddən artıq sadələşdirilmiş şəkildə çəkilərək istiqaməti qeyri-müəyyən olmuş mövcud drenaj xəttinin müəyyənləşdirilərək yenidən qurulması üzrə yeni quyuların quraşdırılması və drenaj xəttinin davam etdirilməsi üçün fasiləsiz axan yeraltı təzyiqli qrunt suları mobil generatordan qidalanan nasos vasitəsilə mütəmadi olaraq kənara vurulur.
Binadaxili görülən işlərdən yaşayış, qaraj və qeyri-yaşayış mərtəbələrinin havalandırılmasının təmin olunması məqsədi ilə 3 ədəd 11 kVt-luq mərkəzdənqaçma ventilyatoru quraşdırılmışdır. Eyni zamanda, yaşayış mərtəbələrində avtomatik yanğından mühafizə ventilyasiya sisteminin avtomatlaşdırılması işlərinə başlanılmışdır. Qaraj mərtəbələrində isə hava kanallarının üzərində yanğın, tüstü xaricedici qurğular (damperlər) quraşdırılmışdır.
Qeyri-yaşayış mərtəbələrində şaxtaların 20 sm enində kərpiclə hörgüsü davam etdirilir.
3-cü blokda yükqaldırma qabiliyyəti 450 kq olan, Cənubi Koreyanın “Sigma” modelli sərnişin liftinin quraşdırma işlərinə başlanılıb.
Qeyd olunanlardan əlavə ərazidə səliqə-səhman işləri aparılmış, 18 m³ inşaat zibili toplanaraq yük maşınları ilə daşınmışdır.