“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

     11.04.2022 – 25.04.2022-ci il tarixində “Abidə” MTK yaşayış binasında tikinti, abadlıq və yenidənqurma işləri fasiləsiz və qrafikə uyğun olaraq davam etdirilib.  

     Belə ki, Lev Tolstoy küçəsi səmtində inşa olunan nasosxanaya giriş-çıxışın təmin olunması məqsədilə nəzərdə tutulan monolit dəmir-beton pilləkənin artmatur-karkas hissəsi toxunub qəlibləndikdən sonra B25 markalı betonla betonlanmışdır.

     Qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində fasadın Lev Tolstoy küçəsinə baxan hissəsində əvvəllər tikinti norma qaydaları pozulmaqla üzlənmiş, sonradan qoparaq tokülmüş “ağlay” daşlarının bərpası işləri davam etdirilir.

      Pandusda -8.35 səviyyəsində texniki otaq və generator otağında quraşdırılmış xəfənglərin çöl kənarları binanın ümumi memarlığına həmahəng surətdə müxtəlif elementlərdən ibarət “ağlay” daşı ilə üzlənmişdir. Eyni zamanda pandusun -5.25 səviyyəsində 13x1.0(h) m ölçüdə metal məhəccər quraşdırılmışdır.

     Sahədaxili su kəmərinin çəkilməsi istiqamətində iç ölçüləri 2x2x1.2(h) m nəzərdə tutulan su süzgəc quyusu üçün qazıntı işlərinə başlanılmışdır.

      Bunlardan əlavə, pandusda -3 qaraj mərtəbəsində yerləşən avtodayanacaqlara avtomobillərin sərbəst giriş-çıxışının təmin olunması məqsədi ilə tikintisi yarımçıq qalmış 6x5.1x0.2(h) m ölçülərində monolit dəmir-beton döşəmənin armatur-karkas hissəsi yığılaraq B25 markalı betonla betonlanmışdır.

      Texniki və generator otağında divarların kafel, döşəmələrin isə keramoqranit tavacıqlarla üzlənməsi və divarlarda boya hazırlıq işləri tam yekunlaşmışdır.

      Zərgərpalan küçəsi tərəfdən -8.35 səviyyədə yağış sularının axıdılması üçün monolit dəmir-beton drenaj kanalının armatur karkası toxunub qəlibləndikdən sonra B25 markalı betonla betonlanmış və mərkəzi drenaj quyusuna qoşulmuşdur. 

      Murtuza Muxtarov küçəsi səmtində əvvəllər bəsit şəkildə çəkilərək istiqaməti qeyri- müəyyən olmuş drenaj xəttinin müəyyənləşdirilərək yenidən qurulması üzrə S.Tağızadə küçəsi ilə kəsişmə ərazisində yeni quyuların quraşdırılması işləri davam etdirilir. Bu istiqamətdə əvvəllər çəkilmiş drenaj xətti binanın özülünə yaxın hissədə kəsilərək birləşdirilən yeni quyudan 12 (2 əd x 6m) metr uzunluğunda, üst səthində şahmatvari ⌀12 mm dəliklər açılan ⌀300 mm polimer drenaj borusu çəkilmiş və alt, üst, yan səthləri iri fraksiyalı çınqıl ilə örtülmüşdür. Quyunun yer səviyyəsinə çatdırılması üçün 7 ədəd 1 m hündürlüyündə kənarları bitum məhlulu ilə hidroizoliyasiya olunmuş dəmir-beton halqa üst-üstə qoyularaq torpaqla əks doldurulmuşdur. 

      Binadaxili görülən işlərdən yaşayış, qaraj və qeyri-yaşayış mərtəbələrinin havalandırılmasının təmin olunması məqsədi ilə 3 ədəd 7.5 kVt-luq mərkəzdənqaçma ventilyatorunun quraşdırılmasını qeyd etmək olar.

      Yaşayış mərtəbələrinin mənzillərində yeni PVC qapı-pəncərələrin quraşdırılması, müxtəlif səbəblərdən sınmış şüşələrin, zədələnmiş qapı və pəncərələrin bərpası işləri davam etdirilir.

      1-ci blokda eyvanlarda ağlay daşından məhəccərlərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq quraşdırılmış ağlay daşlarının cilalanması işləri görülür. Binanın 3-cü blokunda boya hazırlıq işləri davam etdirilir.

     Bunlardan əlavə səliqə-səhman işləri aparılmış, 12 m³ inşaat zibili toplanaraq yük maşınları ilə daşınmışdır.

Fotolent

Yeni xəbərlər