“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 2022-ci ilin birinci rübü ərzində görülmüş işlər və qarşıdakı planlar ilə bağlı video-konfrans formatında hesabat iclası keçirilmişdir. Korporasiyanın baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasda Mərkəzi Aparatın və törəmə müəssisələrin rəhbər heyəti iştirak etmişdir. Onlayn toplantının gündəliyində cari ilin birinci rübü üzrə müəssisələrin təsərrüfat fəaliyyəti nəzərdən keçirilmiş, hesabat və məruzələr dinlənilmiş, inkişaf perspektivləri və digər cari məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuş, yaranmış suallar cavablandırılmış, tədbirlər planı üzrə qarşıda görüləcək işlər ilə bağlı əsas istiqamətlər və prioritetlər qeyd olunmuşdur.
Onlayn toplantının əsas müzakirə mövzusu ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sayılan qeyri-neft sekrotunun inkişafı və bu yöndə həyata keçirilən əsaslı islahatların icrasında Cəmiyyətin qarşısında olan vəzifələrin yerinə yetirilməsi olmuşdur.
Hesabat iclasının sonunda Cəmiyyətin baş direktoru Kamran Nəbizadə tərəfindən 2022-ci il üçün qarşıya qoyulan hədəflərə uyğun olaraq uzunmüddətli perspektivdə davamlı inkişafın və fəaliyyətin təmin edilməsinə nail olunması istiqamətində tapşırıqlar verilmişdir. Korporasiyanın rəhbəri müasir texnologiyalar və beynəlxalq təcrübədən maksimum faydalanmaq, vaxtında və düzgün biznes qərarlarının verilməsi üçün uçot, hesabatlılıq, təhlil, planlaşdırma və daxili nəzarət proseslərinin daim təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi zəruriliyini vurğulayaraq lazımi tövsiyyələrini bildirilmişdir.