“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər keçən iki həftə ərzində öz axarında davam etdirilmişdir. Keçən bu müddət ərzində görülən işlərin təfsilatı aşağıdakılardan ibarətdir.
Süleyman Tağızadə küçəsi boyu ümumi 104 kv.m sahəyə “holland” növlü çəmən toxumu səpilmiş, “qızılı söyüd” və “yulğun” ağacları əkilmişdir.
Bu küçə tərəfdə binaya perpendikulyar olaraq 4.0 m hündürlüyündə monolit dəmir-beton istinad divarının özülü qoyulmuşdur.
Lev Tolstoy küçəsi səmtində nasosxananın monolit dəmir-beton sütunlar, rigellər, tirlər və divarlarının betonlanması məqsədilə qəlib işləri başa çatdırılmışdır.
Pandusun -8.25 səviyyəsində texniki və generator otaqlarının üstünün izolyasiya işləri tamamlanmışdır. Belə ki, mövcud monolit dəmir-beton örtük tavasının üzərinə 20 mm qalınlığında hamarlayıcı sement-qum məhlulu çəkilmiş, üzəri bitum məhlulu ilə sürtülmüş, ruberoid ilə ikiqat izolyasiya olunduqdan sonra üzəri 25 mm qalınlığında B7.5 marka sement-qum məhlulundan qoryucu qatla örtülmüşdür. Bundan əlavə, həmin otaqların döşəməsində 100 mm qalınlığında B7.5 marka betondan hazırlıq qatı düzəldilmişdir.
Eyni zamanda, sahədaxili 150 mm-lik kanalizasiya xətləri üçün diametri 900 mm olan dəmir-beton halqalardan quyuların quraşdırılmasına başlanılmışdır.
Həmin küçə boyu drenaj və magistral təsərrüfat-məişət kanalizasiya quyularının üzəri 600 mm diametrli çuqun qapaqları olan 1.4x1.4 m ölçüdə dəmir-beton tavalarla örtülmüşdür.
Zərgərpalan küçəsi tərəfdən -4.95 səviyyəsinə qalxıb-enmək üçün nəzərdə tutulan 2 ədəd lentvari pilləkəndən sayca birincisinin quraşdırılması başa çatdırılmışdır.
Murtuza Muxtarov küçəsi səmtində əvvəllər çəkilərək istiqaməti qeyri-müəyyən olmuş drenaj xəttinin müəyyənləşdirilərək yenidən qurulması istiqamətində S.Tağızadə küçəsi ilə kəsişmə ərazisində yeni quyuların qurulması işlərinə başlanılmışdır. Bunun üçün yeraltı təzyiqli qrunt suları mobil generatordan qidalanmaqla nasos vasitəsilə kənara vurularaq quyuların dəmir-beton alt tavası düzəldilmiş və torpaqla təmasda olan səthləri ikiqat bitumla izolyasiya olunmuşdur.
Əvvəllər mövcud olmuş bir mərtəbəli yaşayış binasının söküntüsü zamanı bitişik binanın zədələnmiş su axıdıcı boru və navalçası yenisi ilə əvəzlənmişdir.
Binanın vitrajlarının ümumilikdə 30 ədəd açılıb-bağlanan xəfəngi quraşdırılıb başa çatdırılmışdır.
Binadaxili görülən işlərdən -3 qaraj mərtəbəsinin havalandırması üçün sinklənmiş metal vərəqlərdən hava kanallarının yığılması və 1-ci blokda eyvanların məhəccərlərinin “ağlay” daşından quraşdırılmasını qeyd etmək lazımdır. Artıq 2 və 6-cı mərtəbələrin bütün eyvanlarının məhəccərləri quraşdırılmış, eyni işlər 7-ci mərtəbədə də davam etdirilir.
Elektrik işləri çərçivəsində mənzillərə 1x16 mm² en kəsikli torpaqlama kabellərinin çəkilişi tamamlanmış, binanın 3 bloku və nasosxananın elektrik təchizatı üçün toplam 4 ədəd (1x120x3x240) mm² en kəsikli magistral xətt kabelləri quraşdırılaraq elektrik şit otaqlarına birləşdirilmişdir. 2 və 3-cü bloklarda elektrik şit otaqlarında mənzillərə paylanan 2x16 mm² en kəsikli kabellər avtomatlara birləşdirilmiş, dolablarda sayğacların quraşdırılması üçün hazırlıq işləri görülmüşdür.
Binanın 1-ci blokunda 11 yaşayış mərtəbəsində pilləkən qəfəsəsi daxili emulsiya ilə ikiqat boyanmışdır. Hal-hazırda 2-ci blokda boya hazırlıq işləri davam etdirilir.
Yaşayış mərtəbələrində mənzillərin PVC qapı və pəncərələrinin quraşdırılması məqsədilə binada təşkil olunmuş sexdə yığma işləri görülür.
Bütün bunlardan əlavə ərazidə səliqə-səhman işləri aparılmış, 12 m³ inşaat zibili toplanaraq yük maşınları ilə daşınmışdır.