“Abidə” MTK-nın binasında ötən iki həftə ərzində tikinti-quraşdırma işləri sürətlə davam edir. Bu müddət ərzində S.Tağızadə küçəsi səmtində istinad divarlarının iç tərəfi “ağlay” tavası rəngində fasad emulsiyası ilə rənglənmişdir.
Bundan əlavə Zərgərpalan küçəsi səmtində binanın -8.35 səviyyəsinə giriş-çıxışın təmin olunması məqsədilə yaradılan “çökəklik”dən yağış sularının kənarlaşdırılması üçün bina boyu açıq drenaj sisteminin inşasına başlanılmışdır. Bunun üçün polimer kompozit armaturdan istifadə olunmaqla polimer-beton hazırlıq qatı qurulmuşdur.
Drenaj və məişət-təsərrüfat kanalizasiya xətlərinin quyularının üzəri dəmir-beton tavalarla bağlanaraq diametri 60 sm olan çuqun qapaqlarla örtülmüş, tavanın kənarları bitum məhlulu ilə ikiqat izolyasiya olunmuşdur.
-4.95 səviyyəsinə qalxıb-enmək üçün nəzərdə tutulan 2 ədəd lentvari pilləkəndən birinin əsası qoyulmuş və polimer-beton hazırlıq qatı yerinə yetirilmişdir.
L.Tolstoy küçəsi tərəfdən binanın 1-ci blokunun qarşısında qurulmuş müxtəlif səviyyəli istinad divarının həyətə baxan hündür hissəsi “ağlay” tavası rəngində fasad emulsiyası ilə boyanmış, alçaq hissəsinin üstü 50 mm qalınlığında, künc hissələri isə 30 mm qalınlığında “ağlay” plitələri ilə üzlənmiş, divarın arxa tərəfi 2-ci qrup qruntla əks doldurulmuşdur.
Pandusun -4.95 səviyyəsində üstünə 20 mm qalınlığında sement-qum məhlulu çəkilmiş və bitum mastikası ilə 2 qat izolyasiya edilmişdir. Hal-hazırda ikiqat ruberoiddən izolyasiya işləri aparılır. Pandusun -8.35 səviyyəsində texniki və generator otaqlarında boyama işləri yerinə yetirilir.
M.Muxtarov küçəsi səmtində əvvəllər çəkilərək istiqaməti qeyri-müəyyən olan drenaj xəttinin davam etdirilməsi məqsədilə (drenaj quyuları bəsit şəkildə müxtəlif materiallardan yarımçıq quraşdırılaraq üstləri inşaat materialları ilə örtülmüşdür) S.Tağızadə küçəsi ilə kəsişmə ərazisində yeni drenaj quyusunun qurulmasına başlanılmışdır. Bunun üçün yeraltı təzyiqli qrunt suyu nasos vasitəsilə kənara vurulur.
İki ədəd su anbarından sayca ikincisinin monolit dəmir-beton xarici divarları, sütun, rigel, tir və örtük tavası B25 markalı betonla betonlanmışdır.
Binanın -2 qaraj mərtəbəsinin havalandırılması üçün sinklənmiş metal vərəqlərdən yığılmış hava kanalları magistral hava xəttinə birləşdirilmişdir. Hal-hazırda -3 qaraj mərtəbəsində eyni işlər davam etdirilir.
1-ci blokun eyvanlarında “ağlay” daşından məhəccərlərin quraşdırılması işləri də davam etdirilir. Artıq 2,3,4 və 5-ci mərtəbələrin bütün eyvanlarının məhəccərləri quraşdırılmış, 6-cı mərtəbədə bu işlər davam etdirilir.
Binanın 1-ci blokunun pilləkən qəfəslərinin boyama işlərinə başlanılmışdır. Bu istiqamətdə 6-12-ci yaşayış mərtəbələri daxili emulsiya məhlulu ilə ikiqat boyanmışdır.
Elektrik işlərinə də start verilmişdir. Belə ki, yaşayış mərtəbələrində əvvəllər çəkilmiş 2x16 mm² en kəsikli kabellər sınaqdan keçirilmişdir. Hal-hazırda mənzillərin 1x16 mm² en kəsikli kabellərdən torpaqlanması işləri yerinə yetirilir.
Bütün bunlardan əlavə ərazidə səliqə-səhman işləri aparılmış, 18 m³ inşaat zibili toplanaraq yük maşınları ilə daşınmışdır.