“Abidə” MTK-nın yaşayış binasının tikintisində işlər ötən bayram günləri də daxil olmaqla 02 yanvar – 15 yanvar 2022-ci il müddətində fasiləsiz surətdə davam etdirilmişdir. Bu müddət ərzində Süleyman Tağızadə küçəsi səmtində binanın -1 mərtəbəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə inşa olunan iki əks istiqamətli iki marşlı pilləkən və meydançası “ağlay” plitələri ilə üzlənmişdir.
Binanın fasadında əvvəldən natamam qalmış divarların hamar səthinin də “ağlay” plitələri ilə üzlənməsi işləri davam etdirilir.
Həmçinin, binanın fasadında konfiqurasiyası dəyişdirilmiş vitrajların “ağlay” daşından baza elementləri yerində kəsilib lazımi şəklə salınaraq cilalanmış, 32 ədəd vitraj açılıb-bağlanan xəvənglər istisna olmaqla bütünlüklə şüşələnmişdir.
Bundan əlavə, S.Tağızadə küçəsindən bina ərazisinə düşüb-qalxmaq üçün qurulmuş iki marşlı pilləkənin 0.9 m hündürlüyü, 8.4 pm uzunluğu olan metal məhəccəri və əks tərəfdə 5.6 pm uzunluğunda metal sürahisi quraşdırılmışdır. Bununla da S.Tağızadə küçəsi boyu asfaltlama və boya işləri istisna olmaqla bütün işlər tamamlanaraq müvəqqəti çəpər sökülmüşdür.
Binanın Murtuza Muxtarov küçəsi tərəfdə əlavə olaraq 5 ədəd vitraj şüşələnmiş, qalan 2 ədədi bu günlərdə şüşələnəcəkdir. Zərgərpalan küçəsi tərəfdə isə 18 ədəd vitraj bütünlüklə şüşələnmişdir.
Lev Tolstoy küçəsi səmtində 1-ci blokun giriş-çıxışı qarşısında inşa edilən istinad divarının üzərində en kəsiyi 40x25 sm ölçüdə antiseysmik monolit kompozit-beton kəmər, həmçinin həmin istinad divarı ilə yerli memarlıq əhəmiyyətli binanın divarının arasında isə ölçüləri 2.5x0.25x1.65(h) m olan monolit kompozit-beton sədd qurulmuşdur. Binanın bu küçə istiqamətində 5 ədəd vitrajı şüşələnmişdir.
Zərgərpalan küçəsi səmtində -2 qaraj mərtəbəsinin giriş pandusunun sol tərəfində ölçüləri 5.1x0.25x1.4(h) m olan monolit kompozit-beton sədd yaradılmışdır.
Murtuza Muxtarov küçəsi səmtində drenaj xəttinin davam etdirilməsi məqsədilə qazıntı işlərinə başlanılmışdır.
Binadaxili işlərdən hər üç blokun yaşayış və qeyri-yaşayış mərtəbələrindəki şaxtalardakı havalandırma kanalları layihə ölçülərinə gətirilməklə yaşayış mərtəbələrində şaxtalar rezin arakəsmələrlə izoliyasiya olunmuşdur.
Bununla yanaşı, 1-ci blokun yaşayış mərtəbələrinin eyvanlarının “ağlay” daşından məhəccərlərinin quraşdırılması işlərinə başlanılmışdır.
İki su hovuzundan birinin monolit dəmir-beton sütunlarının, tirlərinin və divarlarının armatur karkası qurularaq qəliblənmişdir.