“Azərbaycan Sənaye Korporasiyası” ASC - Böyük Qələbə naminə...

8 noyabr Azərbaycan xalqı tarixi ədalətin bərpa olunduğu Zəfər Gününü qeyd edir.  


Torpaqlarımızın azad olunması uğrunda apardığımız 44 günlük Vətən Müharibəsində, Böyük Qələbə naminə hər kəsin bir olub, var olduğu haqq mübarizəmizdə  “Azərbaycan Sənaye Korporasiyası” ASC kollektivinin bütün heyəti vətəndaş borcu, yurd sevgisi və azərbaycanlı ruhu ilə  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, qürur mənbəyi olan ordumuzun və əzmkar xalqımızın yanında olmağı şərəf və borc bilib. 

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində çalışan və ehtiyatda olan hərbi vəzifəliləri tərəfindən hər bir azərbaycanlı kimi böyük ruh yüksəkliyi, qürur hissi ilə qarşılanıb. Sərəncama uyğun olaraq, Korporasiya və onun törəmə müəssisələrindən 111 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətə görə müxtəlif medallar ilə təltif olunan Vətən Müharibəsi iştirakçıları arasında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 34 nəfər əməkdaşı da vardır.  Korporasiyanın Aparatının 1, “Azəralüminium” MMC-nin 20, “Azərpambıq ASK” MMC-nin 10 və “ASK Security” MMC-nin 3 əməkdaşı medallarla təltif olunub.

Korporasiyanın Baş direktoru   Kamran Nəbizadə bu münasibət ilə işğaldan azad olunan torpaqlarımız uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə medallarla təltif olunmuş əməkdaşlarla görüşərək, onlara xatirə hədiyyələrini təqdim edib. 

“Azərpambıq ASK” MMC-nin 03 yanvar 1996-cı il təvəllüdlü əməkdaşı Hüseynov Ələm Sərvər oğlu, “ASK Tütün”” MMC-nin Zaqatala TİEM-də mülki müqavilə əsasında işləyən 06 may 1996-cı il təvəllüdlü  əməkdaşı  Məmmədov Vidadi Etibar oğlu və “ASK Ayaqqabı Fabriki” MMC-nin 01 iyul 1995-ci il təvəllüdlü əməkdaşı Heydərov Rafiq Rahim oğlu  torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Ələm “Vətən uğrunda”, ”Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, Məmmədov Vidadi "Vətən uğrunda",  Heydərov Rafiq  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Düşmən üzərində tam qələbənin əldə edilməsi uğrunda başladığımız  haqq mübarizəsinə hər bir azərbaycanlı öz töhfəsini verməyə çalışıb. Xalqın milli birlik və vəhdət nümayiş etdirdiyi həmin  günlərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə şanlı ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Korporasiyanın mərkəzi aparatının əməkdaşları ölkəmizin ərazi bütövlüyünün bərpası naminə aparılan döyüşlərə dəstək üçün aylıq vəzifə maaşlarını ianə ediblər.

Şanlı qalibiyyət tariximiz yazılan 44 günlük Vətən Müharibəsi günlərində həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi  olan “Azəralüminium” MMC,  “Azərpambıq ASK” MMC,  "ASK Ayaqqabı Fabriki" MMC  və “ASK Şüşə” MMC-nin əməkdaşları  da  işğal altında olan torpaqlarımızın azad ounması uğrunda mübarizə aparan müzəffər ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aylıq maaşlarından ianə ediblər.

Ön və arxa cəbhənin qələbə naminə, Vətən adlı müqəddəs amal uğrunda bir yumruq kimi birləşdiyi həmin günlərdə "ASK Ayaqqabı Fabriki" MMC Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin müraciəti əsasında cəbhədə vuruşan igid oğullarımızı əsgər çəkmələri ilə təmin edib.

Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbiçilərimizə diqqət və qayğının göstərilməsidir. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının ən bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması olub.

Bu humanitar missiyanın davamı olaraq  26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələri  olan “Azəralüminium” MMC və “Azərpambıq ASK” MMC tərəfindən Bakı və Gəncə şəhərlərində yaşayan İkinci Qarabağ müharibəsi zamanı böyük qələbə uğrunda sağlamlığını itirmiş 100 nəfər aztəminatlı qazi ailəsinə ərzaq yardımı edilib.

Dövlət tərəfindən Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə göstərilən qayğı və diqqətin davamı olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları üçün xüsusi aksiya həyata keçirib. Aksiya çərçivəsində Korporasiyanın nümayəndələri Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladları ilə görüşüb və Böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin əmanəti olan övladlarına yeni dərs ilinin başlanması ilə əlaqədar müxtəlif dərs ləvazimatları, məktəbli geyimləri və çantalar hədiyyə ediblər.

Şəhid ailələrinə qayğı hər bir azərbaycanlının vətəndaşlıq borcu, şəhidlərimizin əziz ruhuna ehtiram ifadəsidir. 27 Sentyabr - Anım Günü münasibətilə  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan igid Vətən oğullarımızın doğmalarına baş çəkərək 56 ailəyə ərzaq payları təqdim edib.

Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində 2021-ci ilin avqust ayına olan məlumatda daha çox “Azəralüminium” MMC tərəfindən Vətən müharibəsi qaziləri və şəhid ailələri üzvlərinin  işlə təmin edildiyi göstərilir.  

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi qalibiyyət sevincini xalqımıza bəxş edən Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyev və qürur mənbəyimiz olan rəşadətli Azərbaycan Ordusuna təşəkkür edir, haqq mübarizəmizdə şəhid olan qəhrəman Vətən oğullarının əbədi xatirəsi qarşısında dərin ehtiramla baş əyir.  
 

Yeni xəbərlər