“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə mövcud vəziyyətlə tanış olmaq məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Zəylik” alunit yatağına səfər edib. Səfəri zamanı baş direktoru Cəmiyyətin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov, “Gəncə Alüminium Kompleksi”nin istehsalat üzrə rəhbəri Cəmil Səfərov və “Gəncə Giltorpaq Zavodu”nun direktoru Akif İbişov müşaət ediblər.
Əraziyə ümumi baxış keçirən Kamran Nəbizadə yatağın gələcək perspektivdə işləniləcək əraziləri ilə tanış olub. Yataqdakı işlərin səmərəliliyinin artırılması mövzusunda birgə müzakirələr aparılaraq, onların mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən ölkənin təbii resurslarının optimal istifadə olunması, alüminium sənayəsinin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması, alüminium sənayesinin yerli xammalla təhciz edilməsi və alunit yataqlarının işlənməsi məqsədilə beynəlxalq tender elan edilmişdir. Tenderin iş həcmi ümumilikdə iki mərhələyə bölünmüşdür. Birinci mərhələdə geoloji işlərin aparılması, mədənin ilkin iqtisadi qiymətləndirilməsinin təşkili, ikinci mərhələdə layihənin konseptual təsviri və laboratoriya miqyasında işlərin aparılması nəzərdə tutulur. Gələcəkdə hasil edilən alunit filizindən gil-torpaq, kənd təsərrüfatı üçün əhəmiyyətli gübrə, sulfat turşusu və digər məhsulların istehsalının mümkünlüyü nəzərdən keçiriləcəkdir.
“Zəylik” yatağı Avropanın ən böyük alunit yatağıdır. Onun istismarına 1960-cı ildə başlanılıb və hasil olunmuş alunit filizi “Gəncə Giltorpaq Zavodu”nun əsas xammalını təşkil edib. Hal-hazırda Gəncə Giltorpaq Zavodunun modernizasiyası və yenidən işə salınması istiqamətində işlər aparılır.