İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə “Sənayedə təbii resurslardan səmərəli istifadə” mövzusunda video-bağlantı formatında görüş keçirilib. Görüşdə İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbərliyi, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin nümayəndəsi, həmçinin Cəmiyyətin nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC və “ASK Şüşə” MMC-nin rəhbər heyəti, eləcə də "Gilan Holding" şirkətinin nümayəndəsi və bir qrup sahibkar iştirak edib. Görüşdə çıxış edən İqtisadiyyat Nazirinin müavini ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatlar və bu sahədə qarşıda duran hədəf və perspektivlərdən danışdı. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmisi sənayenin inkişafında xarici ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq və bu təcrübənin ölkə iqtisadiyyatında səmərəli tətbiqi məsələsinə toxundu. “Azəralüminium” MMC-nin rəhbərliyi isə həyata keçirilən uğurlu layihələr haqqında ətraflı məlumat verdi. Sonda çıxış edən sahibkarlar mövcud problemlərə toxundular. Görüş iştirakçıları tərəfindən sözügedən problemlərin aradan qaldırılması istiqamətində təkliflər verildi və müzakirələr aparıldı.