Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin iki ili tamam oldu.
Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır. Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.
Hazırda, “ASK” ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azərtütün ASK” MMC, “Azəripək” MMC, “ASK Şüşə” MMC və digərlərini göstərmək olar.
Korporasiyanın fəaliyyət müddəti ərzində həllini tapmış məsələlərdən biri biznes proseslərin elektron idarəetmə sistemləri üzərindən aparılması üçün “1C-ERP” sisteminin tətbiqinə başlanılmasıdır. Sistem üzərindən maliyyə idarəetməsi, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin avtomatlaşdırılması həyata keçirilir.
Eyni zamanda müasir menecmentin əsas tələblərindən biri pul axınları üzərində adekvat nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaq, satınalma prosesinin şəffaflığını təmin etməkdir. Bu məqsədlə törəmə müəssisələrdə “1C ERP” sistemi ilə yanaşı Holdinq platformasının tətbiqinə başlanılıb. Qeyd edilən platforma üzərindən mərkəzləşdirilmiş büdcə sistemi, satınalma, maliyyə nəzarəti və satış proseslərinin aparılması hədəflənir.
Korporasiyanın fəaliyyəti ərzində həllini tapmış məsələlərdən biri də rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin “Azərbaycan Sənaye Korporasiyası” ASC-də tətbiq olunmasıdır. “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 oktyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılan “Elektron sənəd dövriyyəsi sistemi” qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Mövcud sistem kargüzarlıq və sənəd dövriyyəsinin idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına xidmət edir.
Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. “Azəralüminium” MMC-nin fəaliyyət müddəti ərzində yerli və xarici bazaraların yüksək keyfiyyətli, eləcə də beynəlxalq standartlara cavab verən məhsullarla təmin olunması, ölkəmizdə metallurgiya sahəsinin strateji inkişafı baxımından əhəmiyyətli olan layihələrin işlənməsi və aparıcı beynəlxalaq şirkətlərlə əməkdaşlığın qurulması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bundan əlavə Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına da başlanılıb. Azərbaycanda alüminium sənayəsinin inkişaf etdirilməsi və alunit yataqlarının işlənməsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC bu yaxınlarda beynəlxalq tender elan edib. Hədəf Azərbaycanın Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi, iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılmasıdır. Tender üzrə əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də artıq Ekspertlər Şurası da yaradılıb.
Korporasiyanın fəaliyyət müddəti ərzində pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və 56,6 min ton xam pambıq tədarük edilib.
2019-cu il üçün 29 min ha sahədə pambıq əkini aparılıb. Tədarük olunacaq xam pambığın həcmi 72 min 500 ton, məhsuldarlığın isə hər hektardan 25 sentner olacağı hədəf seçilib. Bundan da emala 72 min 500 ton xam pambıq veriləcəkdir ki, ondan 27 min 550 ton mahlıc, 35 min 525 ton çiyid, 1449 ton köməkçi məhsullar, 490 ton pambıq yağı, 5 min 390 ton çiyid cecəsi istehsal olunacaq.
Xam pambıq istehsalının ilbəil artdığını nəzərə alaraq 2019-cu il mövsümündə “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı və emalı zavodunda yenidənqurma işləri aparılaraq aylıq emal gücünün 5 min ton xam pambığa çatdırılması nəzərdə tutulub.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində tütünçülük sahəsində də fermerlərin əkin prosesi üzrə maarifləndirilmə işləri aparılıb, tütün əkilən sahələr artırılıb. Eyni zamanda tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı proseslərində dəstək göstərilməsi, onların ehtiyaclarının təmin edilməsi, həmçinin emal edilən tütünün keyfiyyətinin artırılması məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Balakən rayonunda müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində istifadəyə verilib. Bundan əlavə “Azərtütün ASK” MMC-nin Şəki rayon Çələbixan qəsəbəsində yerləşən Şəki Tütün İstehsalı və Emalı Məntəqəsinin ərazisində qısa müddət ərzində müasir tələblərə cavab verən 30 ədəd odlaqurutma kamerası quraşdırılıb, habelə məntəqə digər zəruri infrastruktur və texnoloji vasitələrlə təmin edilib.
Korporasiyanın digər mühüm istehsal sahələrinin moderinizasiya işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır. Bu qəbildən görülən işlərin nəticəsi olaraq, cari ildə “ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu günlərdə müəssisə ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb. Belə ki, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb.
Ümumilikdə müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi əsasən, yüksək ixtisaslı cavan kadrlardan ibarətdir. Fəaliyyətini müasir dövrün tələblərinə cavab verən və informasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuş yeni şəraitdə davam etdirən kollektiv malik olduğu zəngin bilik və yüksək səviyyəli ixtisas sayəsində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələrək, Vətənə, xalqa var qüvvəsi ilə xidmət edəcəkdir.