İpək məhsullarından hazırlanan qadın baş örtüyü - kəlağayı qədim Azərbaycan xalqının geyim etnologiyasının bir hissəsi hesab olunur.
Bu örtük gözəllik, zəriflik rəmzi olmaqla yanaşı, özündə həm də Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəb dünyasının sürətlə dəyişməsinə baxmayaraq, bu örtüyün ölçüsü, naxışlarının forması hələ də aktuallığını itirmir.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkənin YUNESKO yanında Daimi Nümayəndəliyi və YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayılar da milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi sayılan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirir. Qeyd edək ki, artıq “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən hipermarketində “Azəripək” MMC-nin istehsalı olan kəlağayı məhsullarının satış nöqtəsi fəaliyyətə başlayıb.