Şəki şəhərində kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında tütünçülük və baramaçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr"ə həsr olunmuş respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbər şəxsləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermer iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətini başçısı Elxan Usubov bildirib ki, tütünçülük və baramaçılıq bu bölgədə ən qədim məşğuliyyət növlərindən biri olub.
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir İnam Kərimov qeyd edib ki, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Daha sonra “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov “Tütün və barama emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün görülən işlər”, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev “Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr”, “Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev “Tütün qəbulu və emalının təşkili”, Kənd Təsərrüfatı Nazirliyinin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov “Tut ipəkqurdu toxumçuluğunun və tut tingçiliyinin mövcud vəziyyəti”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili”, “Azəripək” MMC-nin direktoru Nizami Qəribov “Barama emalının mövcud vəziyyəti və perspektivləri” mövzusunda məruzə ilə çıxış ediblər. Müşavirədə Zaqatala rayonundan tütünçü fermer Akif Kələşov və Zərdab rayonundan kümçü fermer Surxay Xəlilov məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.