Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 oktyabr 2018-ci il tarixli Fərmanına əsasən yaradılan “Elektron sənəd dövriyyəsi sistemi” qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən birdir. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti də rəqəmsal idarəçiliyin inkişafında önəmli addım sayılan “Elektron sənəd dövriyyəsi sistemi”nin tətbiqinə başladı.
Mövcud sistem kargüzarlıq və bütün sənədlərin saxlanmasının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına xidmət edir. Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi sisteminin tətbiqi nəticəsində Korporasiya və tabeliyində olan müəssisələrdə kargüzarlıq işinin optimallaşdırılmasına, sənəd dövriyyəsinin keyfiyyətinin artırılmasına, həmçinin verilən tapşırıqların və müqavilə öhdəliklərinə nəzarətin gücləndirilməsinə nail olunacaqdır.
Azərbaycanda elektron sənəd dövriyyəsi üzrə aparıcı inteqrator olan «Do IT» şirkəti tərəfindən Korporasiya üçün tətbiq olunan “WSS Docs”, istehlakçıların tələblərinə cavab verməklə yanaşı, həmçinin dünya standartlarına uyğun olan məhsul tətbiq etmək məqsədi daşıyır. Bu göstəricilərə nail olmaq isə, avtomatlaşma vasitələri və müasir informasiya texnologiyaları tətbiq edilmədən mümkün deyildir. Vacib məqamlardan biri də, sistemdə tətbiq edilmiş tapşırıqlara sərbəst nəzarət prinsipidir ki, bununla da verilən tapşırıqları təşkilati strukturun istənilən mərhələsində izləmək imkanı yaranır.
Qeyd edək ki, tətbiq edilmiş “WSS Docs” elektron sənəd dövriyyəsinin artıq paralel olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində olan müəssisələrdə də tətbiq edilməsi işlərinə başlanılmışdır.