"Heydər Əliyev Azərbaycan Sənayesinin İnkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilib

Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə 7 may 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan Sənayesinin İnkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin çağdaş tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə zəngin həyat təcrübəsi, çoxcəhətli, fenomen siyasi bacarığı sayəsində respublikanın çiçəklənməsi yolunda bütün sahələrin inkişaf etdirilməsi üçün tarixə əvəzsiz töhfələr bəxş edib.

Ölkəmizə 30 ildən çox rəhbərlik etmiş bu böyük tarixi şəxsiyyət nəinki ictimai-siyasi, həm də iqtisadi sahədə özünəməxsus, təkrarsız, həlledici addımlar atmışdır.

K.Nəbizadə qeyd edib ki, 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda gerilik tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyev respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqi akt qəbul edilib, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tam sabitləşib, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılıb.

Bu gün Azərbaycanın sənayesinin dinamik inkişafına nəzər salsaq, Ümummilli Lider Heydər Əliyevin parlaq zəkasından doğan bu inkişafın və xalqın rifah halının yüksəldilməsinə hesablanmış böyük tarixi uğurların şahidi oluruq.

“Bütün bu nailiyyətlər ona görədir ki, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən və düşünülmüş strategiyası bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”, - deyə K.Nəbizadə bildirib.

Bildirilib ki, pambıq sahəsində bu tendensiyanı yenidən müsbətə doğru dəyişmək məqsədilə Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı ilə bağlı qəbul edilən qərarlar və qarşıya qoyulan vəzifələr hazırda pambıqçılığın inkişafına təkan verib və onun tarixi şöhrəti qaytarılmağa başlayıb.

Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsinin sədri, akademik Ziyad Səmədzadə müasir, müstəqil Azərbaycanın yeni iqtisadi modelinin yaradılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Bildirilib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndə respublikamız keçmiş SSRİ-də axırıncı yeri tuturdu. Ulu Öndər Heydər Əliyev ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxtda Sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı 60-cı illərdəki gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Nəticədə 1976-1980-ci illərdə Azərbaycan sənayedə məhsul istehsalının və kənd təsərrüfatının ümumi məhsulunun artımına görə SSRİ-də birinci yerə çıxdı.

Akademik bildirib ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın 1969-1985-ci illəri əhatə edən dövründə iqtisadiyyatda yüksək artım sürəti təmin edilib, onun keyfiyyət göstəriciləri əsaslı surətdə yaxşılaşıb. Bütün bunlar da müstəqil Azərbaycanın iqtisadi bazasının formalaşması və inkişafında müstəsna rol oynayıb.

“Azərpambıq” MMC-nin Baş direktoru Bəhruz Camalov dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyevin bütün həyatını xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etdiyindən söhbət açıb.

O qeyd edib ki, iqtisadiyyatın bəzi başqa sahələrində olduğu kimi pambıqçılığın da Azərbaycanda qədim ənənələri var. Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etdi. Əgər statistikaya nəzər salsaq, görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artaraq, 1980-ci illərin əvvəllərində 1 milyon tona qədər pambıq tədarük edilib.

 

Milli Məclisin deputatı Mahir Abbaszadə Ümummilli Lider Heydər Əliyev fəaliyyətini iki dövrə bölərək deyib ki, Azərbaycanın və böyük türk dünyasının bu qüdrətli şəxsiyyəti və lideri millətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi tərəqqisinə, xalqımızın birliyinə nail olub.

 

Yeni xəbərlər