“Azərbaycan Sənaye Korporasiyası” ASC "Azərbayacan Milli Elmlər Akademiyası" ilə birgə müşavirə keçirib

 may 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə birgə ölkəmizdə alüminium sənayesinin inkişaf etdirilməsi, bu sahədə istehsalın artırılması məqsədilə kompleks sənaye emalının təşkili və yeni texnologiyaların tətbiqinə dair müşavirə keçirib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə alüminium sənayesinin tarixi və hazırki vəziyyəti haqqında qısa məlumat verib.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Əmirov strateji yol xəritəsinin prioritet istiqamətlərindən olan alunit emalının inkişaf etdirilməsi məqsədilə əlaqədar qurumlarla əməkdaşlığın vacibliyini vurğulayıb, müşavirənin bu baxımdan mühüm əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Akademik alüminium sənayesinin inkişaf etdirilməsi, istehsalının artırılması və alüminium kompleks sənaye emalının təşkili ilə bağlı bu günədək görülən işləri yüksək dəyərləndirib, gələcəkdə də səmərəli nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Tədbirdə çıxış edən  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi təşkilatın ölkə Prezidenti İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə yaradıldığını xatırladıb. Bildirib ki, qurumun təsisində məqsəd dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, eləcə də dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaqdır. K.Nəbizadə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən alüminium kompleks sənaye emalının təşkili istiqamətində həyata keçirilən tədbirlər haqqında söz açıb.

Sonra AMEA “Yüksək Texnologiyalar Park”ının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev “Azərbaycanda alüminium sənayesinin icmalı” adlı təqdimatla çıxış edib. Alim bildirib ki, Azərbaycan Respublikasında alüminium sənayesinin əsası 1955-ci ildə Sumqayıt alüminium zavodunun qurulması ilə qoyulub. V.Babayev zavodda yerli xammalla təmin edilməsi məqsədilə 1966-cı ildən etibarən Daşkəsən alunitindən istifadə edilməklə Gəncə Gil-Torpaq zavodunda gil-torpağın istehsalına başlanıldığını vurğulayıb: “1966-cı ildən 1997-ci ilədək Gəncə Gil-Torpaq zavodunda Daşkəsən Zəylik-Alunit mədəni istismar edilməklə alunitdən gil-torpaq məhsulu istehsal olunub. Göstərilən dövr ərzində 18,4 mln. ton alunit filizi emal edilib və ondan 2,1 mln. ton gil-torpaq, 0,8 mln. gübrə, 4,5 mln. ton sulfat turşusu istehsal olunub”.

“Yüksək Texnologiyalar Park”ının direktoru bildirib ki, hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji normalara cavab verən iqtisadi səmərəli üsulun müəyyənləşdirilməsi məqsədi ilə alunit filizinin müxtəlif üsullarla emalı üzrə tədqiqatlar aparılır. Bu istiqamətdə artıq laborator nəticələrin əldə olunduğunu deyən natiq onların sənaye üsulu ilə yoxlanılması istiqamətində işlər aparıldığını diqqətə çatdırıb.

Müşavirədə AMEA Geologiya və Geofizika İnsititutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay “Alunit filizindən tərkib komponentləri ayıran emal texnologiyası”, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Telman İsrafilov “Zəydaşı filizinin qatı Na2O qələvisi məhlulu ilə işlənilməsi üsulu” və texnika üzrə fəlsəfə doktoru, dosent Eldar Tağıyev “Alunit filizinin potaş-qələvi üsulu ilə emal edilməsi” mövzusunda təqdimatlarla çıxış ediblər.

Daha sonra çıxışlarla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Fotolent

Yeni xəbərlər