“Azərbaycan Sənaye Korporasiyası” ASC 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC yarandığı tarixdən ən yüksək maliyyə nəticələrinə nail olaraq 2022-ci ili uğurla başa vurmuşdur. Regional münaqişələr səbəbindən yaranmış enerji böhranı, təchizat zəncirlərindəki qırılmalar, iqlim dəyişiklikləri, qlobal iqtisadi fəallığın azalması və digər amillər Korporasiyaya daxil olan müəssisələrin təsərrüfat fəaliyyətinə mənfi təsir göstərsə də, yekun nəticədə Korporasiya qarşıya çıxan çətinlikləri aradan qaldıraraq 2022-ci ildə qoyulmuş vəzifələri uğurla icra edə bilmişdir. 2022-ci ilin audit olunmuş maliyyə hesabatlarına əsasən ümumi gəlirlər üzrə 437 milyon manat, Vergi, faiz üzrə xərclər və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBİTDA) üzrə 80 milyon manat, xalis mənfəət üzrə isə 46 milyon manat nəticə əldə edilmişdir. Maliyyə hesabatları «Baker Tilly Audit Azərbaycan» MMC tərəfindən yoxlanılmış və hesabatlara müvafiq rəy verilmişdir.

Ölkənin alüminium sənayesinin inkişaf etdirilməsi Korporasiyanın əsas fəaliyyət sahələrindən biri sayılır. 2022-ci ildə bu istiqamət üzrə 49.8 min ton məhsul istehsal edilmişdir. Külçə satışı 25.7 min ton, istiyayma rulonlarının satışı 9.6 min ton, soyuqyayma rulonlarının satışı isə 14.5 min ton təşkil etmişdir.

Korporasiyanın digər əsas fəaliyyət sahəsini pambıqçılığın inkişafı təşkil edir. Fermerlərdən tədarük edilmiş 78554 ton xam pambıqdan 2022-ci ildə 34371 ton mahlıc, 42249 ton texniki çiyid və digər yan məhsullar istehsal edilmiş, il ərzində 21169 ton mahlıc və 35887 ton texniki çiyidin satışı həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, son üç il ərzində maliyyə nəticələrində müsbət dinamikaya nail olunmuşdur. Belə ki, Korporasiyanın ümumi gəlirləri 2020-ci ildə 278.9 mln manat, 2021-ci ildə 429 mln manat, 2022-ci ildə isə 437 mln manat təşkil etmişdir. Vergi, faiz üzrə xərclər və amortizasiya ayırmaları çıxılmazdan əvvəlki mənfəət (EBİTDA) üzrə 2020-ci ildə 18.3 mln manat, 2021-ci ildə 84 mln manat, 2022-ci ildə 80 mln manat, xalis mənfəət üzrə isə 2020-ci ildə -2.8 mln manat, 2021-ci ildə 44 mln manat, 2022-ci ildə 46 mln manat nəticə əldə edilmişdir.

Fotolent

Yeni xəbərlər