“Azərbaycan Sənaye Korporasiyası” ASC və Çin Enerji Şirkətlər Qrupu - CEEC-NWPC ( China Energy Engineering Group Northwest Power Construction Engineering Co., Ltd.) şirkətinin rəhbər heyəti arasında görüş keçirilib. Görüşdə bərpa olunan enerji resurslarından istifadə yolları, yaşıl enerjinin inkişafı və genişlənməsi ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə istehsal sahələrində tələb olunan elektrik enerjisinin bərpaolunan resurslar hesabına qarşılanması mümkünlüyünün araşdırılması məsələsi də müzakirə mövzusu olub.
Aparılan danışıqlar nəticəsində ilkin mərhələdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyət sahəsinə uyğun xidmətlər göstərən Çin Enerji Şirkəti - CEEC-NWPC ilə əlaqələrin qurulması, birgə əməkdaşlıq perspektivlərinin araşdırılması, investisiya imkanlarının dəyərləndirilməsi üzrə 17 noyabr 2023-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.
Qeyd olunmalıdır ki, Çin Xalq Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınmış və fəaliyyət göstərən “China Energy Engineering Group Northwest Power Construction Engineerinng Co. Ltd” enerji və infrastruktur sahəsində investisiya, maliyyələşdirmə, EPC, O&M üzrə geniş təcrübəyə malik tanınmış beynəlxalq şirkətdir. CEEC-NWPC Çin Xalq Respublikası, eləcə də dünyanın digər ölkələrində çoxlu sayda bərpa olunan enerji layihələrinin hazırlanması və icrasında peşəkar xidmətlər göstərir. Bu günə qədər bərpa olunan enerji layihələrinin cəmi quraşdırılmış gücü 4,3 GVt-ı ötüb.