“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları beynəlxalq səviyyəli sertifikatla təltif olunublar

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin mütəxəssisləri Ələsgər Səfərov və Ceyhun Təhməzov maliyyə sahəsi  üzrə dünyanın nüfuzlu təşkilatı hesab edilən "ACCA" ("Association of Chartered Certified Accountants") proqramının (AA-Audit&Assurance) “Audit və Əminlik” və (FR-Financial Reporting) “Maliyyə hesabatları” səviyyəsi üzrə təlimdə iştirak edərək sertifikatla təltif edilmişlər.

“İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası” (ACCA - Association of Chartered Certified Accountants)  - dünyada maliyyə mütəxəssislərinin hazırlanması üzrə  ən tanınmış beynəlxalq assosiasiyadır. Bu assosiasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır. Hal-hazırda bu assosiasiyanın Azərbaycandan olan tələbə və üzvləri ölkənin iri şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.

Assosiasiyanın sertifikasiya proqramı iki hissəyə, nəzəri və praktiki hissələrə  ayrılır. Nəzəri hissə (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Təcrübi hissə (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fənndən ibarətdir. Bu fənnlərə korporativ hüquq, səmərəliliyin idarə edilməsi, vergiqoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

Korporasiyanın əməkdaşları yuxarıda sözügedən sertifikasiya proqramlarını uğurla başa vurmaqla əldə etdikləri nəzəri və praktiki biliklərini Maliyyə departamentinin funksional fəaliyyətlərində, o cümlədən maliyyə hesabatlarının hazırlanması, konsolidasiyası və kənar auditi zamanı aktiv tətbiq edərək biznes proseslərinin daha səmərəli idarə olunmasına imkan yaradacaqlar.

Korporasiya yarandığı gündən bu günə kimi özünün kadr potensialının inkişafı, kadr hazırlığının davamlılığı və beynəlxalq təcrübənin və standartların tətbiqi istiqamətində ardıcıl olaraq uğurlarını davam etdirmək əzmindədir.

Fotolent

Yeni xəbərlər